"Qarabağ zəfəri Azərbaycanın regional mövqeyini əsaslı şəkildə dəyişdirdi" - ŞƏRH EDİLDİ
"Qarabağ zəfəri Azərbaycanın həm regionda, həm də dünyada siyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Qarabağ zəfərinə qədər ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunmamışdı. Qələbə isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
.jpg)
Onun sözlərinə görə, dünyada bir çox qüvvələr Azərbaycanın öz ərazilərini geri qaytara bilməyəcəyini düşünürdülər:
"Bu müharibənin nəticəsi onlar üçün gözlənilməz oldu. Eyni zamanda, Azərbaycan bir dövlət kimi öz şərəfini, ləyaqətini, müstəqilliyini və suverenliyini nə qədər uca tutduğunu bütün dünyaya nümayiş etdirdi. Buna görə də Qarabağ zəfəri Azərbaycanın beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, dünyanı ölkəmizin yaratdığı yeni reallıqlarla hesablaşmağa məcbur etdi.
İlk növbədə, regionda qüvvələr nisbəti dəyişdi. Müharibəyə qədər Ermənistan bölgənin əsas oyunçularından biri hesab olunurdu. Çünki İran və Rusiya Ermənistanın tərəfində dayanır, onun təcavüzünə dəstək verirdilər. Azərbaycan isə müəyyən mənada təklənmiş vəziyyətdə idi. Müharibədən sonra Azərbaycanın regional təcrid vəziyyətinə faktiki olaraq son qoyuldu. Həm Rusiya, həm İran, həm də Ermənistan əvvəlki siyasətin onlar üçün nə qədər perspektivsiz olduğunu anlamağa başladılar.
Beləliklə, Azərbaycan zəfərdən sonra Ermənistanı təcavüzkar dövlət kimi məğlub etdi, onun əsas müttəfiqləri hesab olunan Rusiya və İranın mövqelərini neytrallaşdırdı. Bunun əvəzində isə Azərbaycanla Türkiyə arasında mövcud olan müttəfiqlik, qardaşlıq və dostluq münasibətləri rəsmi müttəfiqlik sənədi ilə təsbit olundu. Bax, bu, regionda baş verən ən böyük dəyişikliklərdən biri idi.
Zəfərdən sonra Azərbaycanın regionda yaratdığı reallıqlar hətta 1991-ci ildə SSRİ-nin dağılmasından sonra bu bölgədə formalaşmış geosiyasi vəziyyətdən də prinsipial şəkildə fərqlənirdi. Əgər SSRİ dağıldıqdan sonra regionda üç müstəqil dövlət yaranmışdısa və onların ikisi münaqişə vəziyyətində, biri isə vətəndaş müharibəsinin içində idisə, bu dəfə Azərbaycanın yaratdığı reallıqlar nəticəsində region ölkələri müharibə vəziyyətindən çıxmaq imkanı əldə etdilər. Beləliklə, bölgədə suverenliyini təmin etmək istəyən üç dövlət — Azərbaycan, Ermənistan və Gürcüstan formalaşdı.
Digər tərəfdən, dünyada da qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişməyə başladı. Zəfərə qədər Azərbaycana məğlub dövlət kimi yanaşılırdısa, qələbədən sonra dünya ölkələri onu hərbi, siyasi və strateji gücə malik dövlət kimi qəbul etməyə məcbur oldular. Bu da o deməkdir ki, zəfərdən sonra Azərbaycanın müttəfiqi və dostu olmaq istəyən qüvvələrin sayı artdı.
Bu, Qarabağ zəfərinin və Vətən müharibəsinin ən böyük geosiyasi nəticəsi idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB