“Paşinyan verdiyi vədlərə əməl etməli və Konstitusiya dəyişikliyinə getməlidir” - ŞƏRH
"Ermənistanda yeni Konstitusiya layihəsi ətrafında hakimiyyətlə müxalifət arasında qarşıdurma getdikcə dərinləşir. Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və orada Azərbaycana qarşı rəsmi ərazi iddialarının aradan qaldırılması Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biridir".
Bu sözləri SİA-ya açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan hesab edir ki, Ermənistan Konstitusiyasında bu amillər nəzərə alınmadan sülh sazişi imzalanarsa, növbəti mərhələdə müxalif düşərgədən, xüsusilə də revanşist düşüncəli qüvvələr hakimiyyətə gələrsə, sülh sazişini qanunsuz hesab edə və ərazi iddialarını davam etdirə bilərlər:
"Buna görə də bu şərt Azərbaycan üçün prinsipial xarakter daşıyır. Əlbəttə, Konstitusiyaya dəyişiklik edilməsi belə revanşist düşüncəni tamamilə neytrallaşdırmayacaq. Bu təhlükənin aradan qaldırılması üçün Ermənistan cəmiyyətində sağlam düşüncə hakim olmalıdır. Hazırda kilsə, lobbi və revanşist qruplar Paşinyan hökumətinə qarşı Azərbaycanla münasibətlərdə təslimçi siyasət yürüdülməsi arqumentindən istifadə etməyə çalışırlar. Paşinyan isə “Real Ermənistan” konsepsiyasına əsaslanan siyasət yürütdüyünü, kilsənin formalaşdırdığı “Böyük Ermənistan” ideologiyasının ölkəyə fəlakət vəd etdiyini bəyan edir.
Lakin Paşinyan sülhdə maraqlı olduğunu və Konstitusiyanın dəyişdirilməsinin vacibliyini bəyan etsə də, bu istiqamətdə konkret addımlar atmaqda gecikir. Hər kəsə bəllidir ki, Ermənistanda, əvvəlki dövrlərdə olduğu kimi, son parlament seçkiləri də şəffaf keçirilmədi. Hakim partiya üstünlüyünü qorusa da, topladığı səslərin faizi 50-ni keçmədi. Yəni hökumət, bilərəkdən, konstitusion çoxluq əldə edə bilməməsi görüntüsünü yaratdı. Bu amil də hökumətin bəyanatları ilə real addımları arasında ziddiyyətlərin olduğunu ortaya qoyur.
Ona görə də Paşinyan həqiqətən sülhdə maraqlıdırsa, prinsipiallıq nümayiş etdirməli, verdiyi vədlərə əməl etməli və Konstitusiya dəyişikliyinə getməlidir. Belə olan halda, risklər bəhanə gətirilərək Azərbaycanın irəli sürdüyü şərtin yerinə yetirilməməsi üçün əsas ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB