"Azərbaycan Cənubi Qafqazın geosiyasi mənzərəsinə təsir göstərən əsas ölkəyə çevrilib" - POLİTOLOQ
"Son illər ərzində Azərbaycan müxtəlif sahələrdə nəzərəçarpacaq irəliləyişlər əldə edib. Həm sosial-iqtisadi, həm xarici siyasət, həm də hərbi quruculuq sahəsində əldə olunan uğurlar təsadüfi deyil. Çünki son bir neçə il ərzində Azərbaycan özünün əsas problemli məsələsini həll edib, yəni Qarabağ və Şərqi Zəngəzur regionları üzərində suverenliyini tam bərpa edib".
Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, indi bu bölgələrdə böyük quruculuq işləri başlayıb və davam etdirilir:
"Digər tərəfdən, Azərbaycanın mövqeyi Cənubi Qafqazın geosiyasi səhnəsində güclənib. Azərbaycan Mərkəzi Asiya ölkələri formatında fəal şəkildə iştirak edir. Eyni zamanda, Yaxın Şərqdə, Şərqi Avropada gedən proseslərə, hətta bu regionlardan kənarda yerləşən ölkələrlə münasibətlərin qurulmasına da təsir göstərir. Bununla Azərbaycan daha geniş coğrafiyada təsir imkanlarını artırır. Bu da Azərbaycanın artan siyasi və geoiqtisadi rolundan xəbər verir.
Azərbaycan son illər ərzində ənənəvi neft-qaz layihələri ilə yanaşı, yaşıl enerji layihələrinə də start verib. Bu enerji layihələri təkcə Azərbaycanı deyil, eyni zamanda, regionun digər ölkələrini də birləşdirir və Avropanın enerji təchizatında mühüm rol oynayır.
Digər tərəfdən, qeyd etmək lazımdır ki, iri miqyaslı yol-nəqliyyat layihələri yenə də bizim regionumuzda məhz Azərbaycanın iştirakı ilə həyata keçirilir. Regionumuzun yol xəritələrini Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinə aiddir. Eyni zamanda, regionda yeni layihələr həyata keçirilir. Xüsusilə də Zəngəzur dəhlizini qeyd etmək lazımdır. Bu dəhliz təkcə Azərbaycanın deyil, eyni zamanda, digər ölkələrin, o cümlədən Mərkəzi Asiya ölkələrinin, Çinin, Türkiyənin və hətta Avropa ölkələrinin siyasi və iqtisadi, ilk növbədə isə iqtisadi maraqlarının təmin olunmasına xidmət göstərəcək.
Əlbəttə ki, Azərbaycanın siyasətindən danışarkən sülh gündəliyinin təsiri və əhəmiyyəti haqqında danışmamaq olmaz. Azərbaycanın təşəbbüsü və təkidi ilə həyata keçirilən sülh gündəliyi Cənubi Qafqaz regionunun siyasi və iqtisadi mənzərəsini dəyişir, regionda dayanıqlı sülh və inkişaf mərhələsinin başlanmasına zəmin yaradır.
Əlbəttə ki, daxili islahatları, iqtisadi islahatları, iri miqyaslı iqtisadi layihələri, eləcə də bu layihələrin həm region ölkələri, həm də daha geniş coğrafiyanı əhatə edən dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alsaq, qeyd etmək lazımdır ki, Azərbaycan real olaraq təkcə Mərkəzi Avrasiya daxilində deyil, eyni zamanda, daha geniş coğrafiyada təsirli rola malik olan bir ölkəyə çevrilir.
Xarici ölkə başçılarının Azərbaycana səfərləri və müxtəlif sahələrdə Azərbaycan təcrübəsinin öyrənilməsi bir daha təsdiq edir ki, Azərbaycanın siyasi strategiyası öz bəhrəsini verir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi bu strategiya öz bəhrəsini verməkdədir və verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB