“Qiymət artımının qarşısını almaq üçün sosial mənzil layihələri genişləndirilməlidir” - EKSPERT

“Qiymət artımının qarşısını almaq üçün sosial mənzil layihələri genişləndirilməlidir” - EKSPERT

“Mənzil bazarında həm alış, həm də icarə qiymətlərinin artımı müşahidə olunur. Təxmini göstəricilərə əsasən, Bakı şəhərində çoxmərtəbəli yaşayış binalarında mənzillərin qiyməti 2021–2026-cı illər ərzində təxminən 80 faiz artıb. Bu bahalaşma, sözsüz ki, icarə sektoruna da təsirsiz ötüşməyib. İcarə qiymətlərində artım 80 faizə çatmasa da, təxminən 40–50 faiz səviyyəsindədir. Bu vəziyyət isə öz növbəsində gənclər üçün nəinki mənzil almaq, hətta kirayə mənzildə yaşamaq imkanlarını da xeyli çətinləşdirir”.

Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Azadov SİA-ya açıqlamasında bildirib

Onun sözlərinə görə, dövlət tərəfindən vətəndaşlara müəyyən dəstək mexanizmləri mövcuddur:

“İpoteka kreditlərindən yararlanmaq, eləcə də ipotekanın alternativ forması olan satmaq öhdəliyi ilə kirayə mexanizmindən istifadə etmək mümkündür. Lakin təəssüf ki, bu imkanlar da hər kəs üçün əlçatan deyil. Daşınmaz əmlakın kəskin bahalaşması bazarda tələbatın artmasına və rəqabətin güclənməsinə səbəb olur. İpoteka kreditlərinə yalnız mənzilə ehtiyacı olan şəxslər deyil, investisiya və biznes məqsədilə yanaşanlar da müraciət edirlər. Gəlirləri yüksək olan şəxslərin bu bazarda iştirakının artması digər vətəndaşların ipoteka imkanlarından yararlanmasını çətinləşdirir. Üstəlik, ipoteka üçün ayrılan vəsaitin məhdud olması bütün müraciət edənlərin bu imkandan faydalanmasına şərait yaratmır.

Digər tərəfdən, bəzi vətəndaşların gəlirləri artan qiymətlərlə müqayisədə əvvəlki səviyyədə qalıb. İnflyasiya fonunda bir çox ailənin real alıcılıq qabiliyyəti zəifləyib. Daşınmaz əmlakın bahalaşması ilkin ödəniş üçün tələb olunan məbləğin toplanmasını da çətinləşdirir. Vətəndaşların əsas problemlərindən biri aylıq gəlirlərinin ipoteka kreditləri üzrə ödənişləri qarşılamaq üçün kifayət etməməsidir. Əgər mənzil qiymətləri bu qədər sürətlə artmasaydı, ipoteka ödənişlərinin ailə büdcəsinə yaratdığı yük də nisbətən az olardı. Bahalaşma nəticəsində aylıq ödənişlər vətəndaşların maliyyə imkanlarını üstələyir. Araşdırmalar da göstərir ki, bir çox ailələrin son 5–6 il ərzində yığım imkanları əhəmiyyətli dərəcədə zəifləyib.

Bu baxımdan mənzil bazarında qiymət artımının qarşısının alınması, sosial mənzil layihələrinin genişləndirilməsi və ipoteka mexanizmlərinin daha əlçatan olması vacibdir. Xüsusilə gənc ailələrin, orta və aşağı gəlirli vətəndaşların mənzil təminatına dəstək verilməsi sosial siyasətin əsas istiqamətlərindən biri olmalıdır. Çünki mənzil yalnız daşınmaz əmlak deyil, insanın təhlükəsiz və sabit həyat qurmasının, ailə gələcəyini planlaşdırmasının ən mühüm şərtlərindən biridir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə