“Azərbaycan bu prosesə kənar müşahidəçi kimi yox, təcrübəli iştirakçı kimi qoşulur” - DEPUTAT DANIŞDI

“Azərbaycan bu prosesə kənar müşahidəçi kimi yox, təcrübəli iştirakçı kimi qoşulur” - DEPUTAT DANIŞDI

“Antalyada başlayan COP31 yalnız növbəti BMT iqlim konfransı deyil. O, Paris Sazişindən sonra verilmiş vədlərin nə dərəcədə yerinə yetirildiyini göstərən sınaq meydançasıdır. Hər il təkrarlanan bu prosesdə əsas sual dəyişmir: ölkələr bəyanatlarla kifayətlənəcək, yoxsa real addımlar atacaq”?

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, konfransın miqyası özü bunu göstərir:

” Liderlər görüşündə 196 tərəf təmsil olunur. Ev sahibliyi Türkiyədədir, danışıqların sədrliyi isə Avstraliyadadır. Gündəmin mərkəzində emissiyaların azaldılması, qlobal istiləşməyə uyğunlaşma və iqlim maliyyəsi dayanır. Sonuncu məsələ ən həssas olanıdır, çünki inkişaf etməkdə olan ölkələr üçün vədlərin real vəsaitə çevrilməsi həlledici əhəmiyyət daşıyır.

Azərbaycan bu prosesə kənar müşahidəçi kimi yox, təcrübəli iştirakçı kimi qoşulur. Bakıda keçirilmiş COP29 iqlim maliyyəsi üzrə yeni kollektiv hədəfin qəbulu ilə yadda qaldı. İndi həmin razılaşmanın icrası Antalyada və sonrakı konfranslarda yoxlanılacaq. Bu baxımdan Azərbaycanın marağı təbiidir. Ev sahibi olduğu forumun nəticələrinin həyata keçməsi onun üçün də nüfuz məsələsidir.
Dövlət başçısının iştirakı da bu marağın göstəricisidir. İlham Əliyev 11 noyabrda COP31 Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib. Əvvəlki çıxışlarında o, Türkiyə və Avstraliyanın COP31 rəhbərliyinə Azərbaycanın tam dəstəyini bildirmişdi. Bu mesaj COP29-dan başlayan ardıcıllığın qorunduğunu göstərir.
Ölkənin milli pavilyonu da diqqət çəkir. "Dialoq Dəhlizi" pavilyonu Azərbaycanın iqlim siyasətini, Xəzər dənizinin ekoloji vəziyyətini və təbiəti qoruma səylərini nümayiş etdirir. Xəzər məsələsi xüsusilə vacibdir, çünki dənizin ekoloji problemləri bir neçə ölkəni əhatə edir və yalnız regional əməkdaşlıqla həll oluna bilər. Qlobal gündəmdə bu mövzunun səslənməsi Azərbaycanın regional təşəbbüskar kimi görünməsinə imkan verir.
Yenə də yekun qiymət bəyanatlara görə verilməyəcək. Belə konfransların etibarlılığı qəbul olunmuş qərarların icrası ilə ölçülür. Antalya bu yolda növbəti dayanacaqdır, istiqaməti isə tərəflərin növbəti illərdəki addımları müəyyən edəcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə