Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur
Azərbaycanda onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunub.
SİA xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə ƏliyevaMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə toplantısında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi çərçivəsində çıxış edib.
O həmçinin tənha yaşayan, özünəqulluq imkanları məhdudlaşmış və xüsusi qayğıya ehtiyacı olan yaşlı vətəndaşlara evdə təqdim edilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, regionlarda səyyar sosial xidmətlərin inkişafı, həmçinin uzunmüddətli qulluq xidmətlərinin kadr potensialının və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2027-ci il dövlət büdcəsində bu sahələr üzrə maliyyə təminatının gücləndirilməsinə dair təklif irəli sürüb.
Ombudsman eyni zamanda regionlarda tibbi və sosial reabilitasiya xidmətləri infrastrukturunun genişləndirilməsini, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik məmulatlar, müasir reabilitasiya avadanlıqları və digər köməkçi vasitələrlə fərdi tələbatlarına uyğun şəkildə və vaxtında təmin olunması üçün müvafiq büdcə vəsaitlərinin artırılmasını təklif edib:
"Bundan başqa, regionlarda səhiyyə infrastrukturunun və peşəkar kadr təminatının möhkəmləndirilməsi, eləcə də hemofiliya diaqnozu qoyulmuş şəxslərin vacib dərman preparatları ilə vaxtlı-vaxtında və fasiləsiz təchiz edilməsi üçün həmin preparatların regional tibb müəssisələri vasitəsilə əlçatanlığının yüksəldilməsi və fövqəladə hallar üçün lazımi ehtiyatların yaradılması istiqamətində maliyyə dəstəyinin gücləndirilməsi, onkoloji xəstəliklərdən əziyyət çəkən vətəndaşların müasir müalicə metodlarına və yüksək effektivliyə malik dərman vasitələrinə çıxışının artırılması, xüsusən innovativ şişəleyhinə preparatlarla təchizatın genişləndirilməsi, diaqnostika və müalicə xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə resurslarının artırılması, süni intellektə əsaslanan diaqnostika və klinik qərar dəstəkləmə texnologiyalarının səhiyyə sahəsində təhlükəsiz və mərhələli şəkildə tətbiqi, xüsusilə regionlarda xəstəliklərin erkən müəyyənləşdirilməsi və ixtisaslaşdırılmış tibbi yardımın keyfiyyətinin artırılması məqsədilə bu sahədə reallaşdırılacaq tədbirlərin maliyyə təminatının dövlət büdcəsində əks etdirilməsi məsələləri də təkliflərimiz sırasındadır".
Bununla yanaşı Səbinə Əliyeva qeyd edib ki, inklüziv təhsilin təkmilləşdirilməsi, xüsusi təhsil ehtiyacları olan uşaqların tədris prosesinə bərabər cəlb olunmasının təmin edilməsi üçün təhsil müəssisələrinin lazımi qaydada adaptasiya edilməsi, fərdi dəstək xidmətlərinin qurulması və ixtisaslı mütəxəssislərlə təchizat üçün zəruri maliyyə vəsaitlərinin ayrılması da mühüm addımlar sırasındadır:
"Uşaqların kibertəhlükələrdən, onlayn zorakılıqdan və şəxsi məlumatlarının qeyri-qanuni istifadəsindən müdafiəsinə yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılması təklif olunur. Bununla yanaşı, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri fonunda işçilərin ixtisasartırması və rəqəmsal bacarıqlarının inkişafı üzrə proqramlara maliyyə dəstəyinin nəzərə alınmasını, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında həssas qruplar üçün əlçatan və alternativ xidmət imkanlarının formalaşdırılmasına yönəlmiş tədbirlərin maliyyələşdirilməsini də təklif edirəm. Ucqar yaşayış məntəqələrində sosial əhəmiyyət daşıyan, lakin kommersiya baxımından az gəlirli sərnişindaşıma marşrutlarının fəaliyyətinin maliyyə mexanizmləri ilə dəstəklənməsi, eyni zamanda iqlim dəyişiklikləri və təbii fəlakət riskləri ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsində həssas qrupların tələbatlarının, o cümlədən əlçatan təxliyə, müvəqqəti sığınacaq və sosial yardım imkanlarının nəzərə alınması da mühüm əhəmiyyət kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB