İstifadəsiz bank kartı əlavə xərc yarada bilərmi? - İQTİSADÇI DANIŞDI

İstifadəsiz bank kartı əlavə xərc yarada bilərmi? - İQTİSADÇI DANIŞDI

"Azərbaycanda bəzi bank kartları, xüsusilə premium kartlar üzrə illik xidmət haqqı tutulur. Yəni kartdan istifadə edilməsə belə, onun saxlanılması və xidmət göstərilməsi üçün müəyyən məbləğdə illik ödəniş tələb oluna bilər. Hətta kartdan bir neçə il istifadə edilməsə də, hesabda vəsait olduğu halda həmin xidmət haqqı tutula bilər".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, bəzi hallarda kart hesabında vəsait qaldıqda həmin məbləğə depozit faizi də hesablanaraq əlavə olunur. Burada hər bir bankın müqavilə şərtlərinə ayrıca baxmaq lazımdır:

"Digər bir məsələ SMS məlumatlandırma xidmətidir. Əgər bu xidmət ödənişlidirsə və müştəri tərəfindən deaktiv edilməyibsə, aylıq xidmət haqqı tutula bilər. Əvvəllər bu xidmət ödənişsiz olsa da, sonradan onun ödənişli forması da yaradılıb. Bundan başqa, digər komissiyalar da nəzərdə tutula bilər. Lakin adətən əsas xərclər qeyd etdiyim bu ödənişlərdən ibarət olur.

Bəs hesabda pul olmadıqda vəziyyət necə olur? Bu halda da bankla müştəri arasında bağlanmış müqavilənin şərtlərinə baxmaq lazımdır. Məsələn, kartın illik xidmət haqqı 10 manatdır, lakin hesabda həmin məbləğ yoxdur və bank vəsaiti tuta bilmir. Bu zaman məbləğ müştərinin borcu kimi qeydə alına bilər və sonradan hesaba pul daxil olduqda avtomatik tutulur. Tutaq ki, hesabda cəmi 2 manat olub və bank həmin məbləği tutub. Daha sonra hesaba pul daxil olduqda qalan 8 manat da avtomatik çıxıla bilər.

İstifadə edilməyən kartın mütləq bağlanmasına gəlincə, vətəndaş kartı özündə saxlaya bilər. Bununla bağlı hər hansı məcburiyyət yoxdur. Lakin nəzərə almaq lazımdır ki, kart istifadə edilməsə belə, müəyyən xərclər yarada bilər. Həmçinin kart məlumatlarının başqa şəxslərin əlinə keçməsi kimi risklər də mövcuddur. Buna görə də mümkün əlavə xərclərdən və risklərdən yayınmaq üçün istifadə edilməyən kartın bağlanması məsləhətdir.

Ümumiyyətlə, hər bir kartın müəyyən istifadə müddəti var. Bu müddət kartın üzərində qeyd olunur və vaxtı bitdikdə kartın istifadə müddəti başa çatır.

Bir məqamı da xüsusi qeyd etmək lazımdır: kartı bloklamaqla bank hesabını bağlamaq eyni şey deyil. Kartı bloklasanız belə, ona bağlı hesab aktiv qala bilər. Məsələn, bankda əməkhaqqı hesabı açmısınız və həmin hesaba bağlı kartınız var. Kartı bağlatdırmağınız əməkhaqqı hesabının da bağlanması demək deyil. Hesabı bağlamaq üçün banka ayrıca müraciət etmək lazımdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə