Lüksemburqda Azərbaycanın Zəfər Günü silsilə tədbirlər və mədəni proqramla qeyd olunub
Lüksemburq Böyük Hersoqluğunda Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
SİA xəbər verir ki, LuxAz – Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirlər çərçivəsində geniş rəqəmsal məlumatlandırma kampaniyası həyata keçirilib, həmçinin Azərbaycan icmasının iştirakı ilə mədəni-bədii proqram təqdim olunub.
Tədbirlərin əsas məqsədi Azərbaycanın müasir tarixində mühüm yer tutan Zəfər Gününün tarixi əhəmiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq, Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, qazilərin qəhrəmanlığını və fədakarlığını diqqətə çatdırmaq, eləcə də xaricdə yaşayan azərbaycanlılar arasında milli birlik və həmrəyliyi gücləndirmək olub.
LuxAz tərəfindən Lüksemburqda genişmiqyaslı rəqəmsal məlumatlandırma kampaniyada ölkənin işgüzar mərkəzlərində və ofis binalarında yerləşən “Digital Channel Network” şəbəkəsinin 91 rəqəmsal ekranında yayımlanıb. Ekranlarda Azərbaycanın Dövlət Bayrağı, Bakı şəhərinin görüntüləri, LuxAz-ın loqosu və Zəfər Gününə həsr olunmuş vizual materiallar nümayiş etdirilib. İngilis dilində hazırlanmış videoçarxda tarixi yaddaşın qorunması və Zəfər Gününün əhəmiyyəti ön plana çəkilib.
“Bigbang Luxembourg” şirkətinin təqdim etdiyi statistik hesabata əsasən, bir günlük yayım ərzində 89 861 keçid qeydə alınıb və 65 469 zəmanətli reklam göstərimi təmin edilib. Kampaniya Lüksemburqun müxtəlif işgüzar məkanlarında çalışan yerli və beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb. Bu təşəbbüs Azərbaycanın tarixinin və milli dəyərlərinin beynəlxalq auditoriyaya təqdim edilməsi, eləcə də mədəni diplomatiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli addım olub.
LuxAz Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndəsi, Lüksemburqda yaşayan Azərbaycan icmasının üzvləri, LuxAz-ın təmsilçiləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbirin rəsmi hissəsində LuxAz – Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasının sədri Seymur Əhmadov, sədr müavinləri İlkin Səmədov və Sevinc Ömərli, Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi Emin Rüstəmov çıxış ediblər. Çıxışlarda 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin Azərbaycanın aşındakı xüsusi yeri və ölkəmizin ərazi bütövlüyünün bərpasında, müasir tarixindəki əhəmiyyətindən söz açılıb.
Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin daim yaşadılmasının, qazilərin və müharibə iştirakçılarının qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub.
Vətən müharibəsi qazisi Amin Musayevlə təşkil olunan onlayn görüşdə qazi müharibə dövründə yaşadığı hadisələr, döyüş xatirələri, şəxsi təcrübələri və ən çətin anlarda ona güc verən dəyərlər barədə danışıb. İnteraktiv formatda keçirilən görüş iştirakçılara Vətən müharibəsinin canlı şahidinin təəssüratlarını dinləmək imkanı yaradıb.
Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların milli kimliyin, ana dilinin, mədəniyyətin və tarixi yaddaşın qorunmasında oynadığı mühüm rola diqqət çəkilib. Azərbaycan ilə Lüksemburq arasında dostluq münasibətlərinin, mədəni dialoqun və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirin bədii hissəsində Azərbaycan musiqisinin zəngin irsini əks etdirən konsert proqramı təqdim olunub.
Belçika Kral Konservatoriyasının üçüncü kurs tələbəsi, pianoçu Mədinə Axundova görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib. Daha sonra gitarist Vasif Cavadlı Azərbaycan musiqisinin sevilən nümunələrini səsləndirib.
Mərasim çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunmuş “Torpağı sanı yaşayasan” qısametrajlı bədii filmi nümayiş etdirilib. Həmçinin, Azərbaycan tarixi və Zəfər Gününə həsr olunmuş interaktiv bilik yarışması keçirilib.
İştirakçılara 44 günlük Vətən müharibəsi, Azərbaycanın tarixi, Qarabağın mədəni irsi, Şuşa şəhərinin tarixi və Zəfər Günü ilə bağlı suallar təqdim olunub. Yarışma iştirakçıların öz biliklərini sınaması və ölkəmizin tarixi hadisələrini bir daha xatırlaması üçün maraqlı platforma yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB