Astanada Azərbaycanın Zəfər Günü qeyd edilib

Astanada Azərbaycanın Zəfər Günü qeyd edilib

Astanada 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təntənəli qəbul keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə diplomatik korpusun, Azərbaycan diasporunun, ictimaiyyətin və medianın nümayəndələri iştirak ediblər.

Azərbaycanın səfiri Əlimirzəmin Əsgərov öz çıxışında 44 günlük Vətən müharibəsindəki Zəfərin tarixi əhəmiyyətindən, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasından danışıb.

Diplomat vurğulayıb ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun rəşadəti və xalqın birliyi sayəsində işğal olunmuş ərazilər azad olunub. O xatırladıb ki, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa edib.

Çıxış zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına xüsusi diqqət yetirilib. Səfir qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zəfər Günü münasibətilə azərbaycanlı həmkarına təbriklərini ünvanlayıb.

Ə. Əsgərovun sözlərinə görə, dövlət başçılarının müntəzəm görüşləri və qarşılıqlı səfərləri strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verir.

Diplomat həmçinin Azərbaycanın azad edilmiş ərazilərindəki genişmiqyaslı tikinti-bərpa işlərindən danışıb. O, xüsusilə Qazaxıstanın Qarabağın bərpasına verdiyi töhfəni qeyd edərək, Füzulidə bu gün 100-ə yaxın uşağın getdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini xatırladıb.

Qeyd olunub ki, Xankəndidəki Qarabağ Universitetində Azərbaycan gəncləri ilə yanaşı, qazaxıstanlı tələbələr də təhsil alırlar.

Səfir ayrıca olaraq Azərbaycan və Ermənistan arasındakı sülh prosesi üzərində dayanıb. O, 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmaların tarixi əhəmiyyətini vurğulayaraq, Qazaxıstanın bu razılaşmaları ilk alqışlayanlardan biri olduğunu xatırladıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə