"Azərbaycan və Türkiyə arasında fikir ayrılıqlarının olması müttəfiqliyə zidd deyil" - POLİTOLOQ DANIŞDI

"Azərbaycan və Türkiyə arasında fikir ayrılıqlarının olması müttəfiqliyə zidd deyil" - POLİTOLOQ DANIŞDI

"Azərbaycanla Türkiyə arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub. Son dövrlərdə baş verən soyuqluğun səbəbi Azərbaycan tərəfi deyil. Türkiyədəki bəlli dairələr, xüsusilə də AKP-yə yaxınlığı ilə seçilən və onun siyasi kursunu dəstəkləyən dairələr Azərbaycanı, Azərbaycan Prezidentini və xalqımızı hədəfə gətirmişdilər. Azərbaycanda məktəblərdə vahid forma qaydalarının qəbul edilməsindən sonra bu mühafizəkar, ultra-mühafizəkar kütlə, xüsusilə də AKP-nin əsas ideologiyası olan siyasi İslam ideologiyasının təsirində olan kütlə faktiki olaraq Azərbaycanı hədəfə gətirməyə çalışdı".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib:

"Rəsmi Bakıda buna həm rəsmi, həm də ictimai səviyyədə cavab verildi və burada qeyri-adi heç nə yox idi.

Bu prosesdə Azərbaycan tərəfinin tələbi çox açıq və aydın idi. Azərbaycan Türkiyənin müttəfiqi, dost və qardaş ölkəsidir. Amma bizim bir millət, iki dövlət olmağımız o demək deyil ki, biz mütləq şəkildə Türkiyənin qayda-qanunlarının və ya siyasətinin bir parçası olmalıyıq. Hər ölkənin daxili dinamikası və sosial vəziyyəti fərqlidir. Buna görə də Türkiyə ilə fikir ayrılıqlarının olması normaldır. Azərbaycan-Türkiyə münasibətlərindəki gərginlik bu kontekstdə qiymətləndirilməməlidir. Bu, daha çox AKP-nin apardığı yanlış siyasətin nəticəsi idi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etdi və bu səfərlə də əslində Türkiyə tərəfi addım atdı. Bu, müsbət addımdır və düzgün olan da məhz belə idi. Buna uyğun olaraq, Azərbaycan Prezidenti COP29-da iştirak edəcək. Bu, əslində, rəsmi Bakının Türkiyədəki həmin kampaniyaya verdiyi reaksiya idi. Hesab edirəm ki, bu addımla da gərginliyə səbəb olan reaksiyalar tədricən azaldı. Proses tam yekunlaşmayıb və mən onun başa çatdığını düşünmürəm. Çünki faktiki olaraq, hazırda Türkiyə mediasında və sosial şəbəkələrdə qeyd etdiyim kütlənin çıxışları davam etməkdədir. Yəni bu proses tamamilə kəsilməyənə qədər hansısa nəticə barədə danışmaq üçün hələ çox tez olduğunu düşünürəm.

İki liderin mesajları müsbətdir. Amma mənim burada daha çox diqqətimi çəkən məqam cənab Prezidentin – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəhrəman Azərbaycan hərbçilərini göstərməsi, eyni zamanda çıxışında bir daha Azərbaycanın Qələbəsinin Azərbaycan Ordusu və Azərbaycan xalqı tərəfindən əldə edildiyini deməsi idi. Heç kəs bizim Zəfərimizə pay sahibi çıxa bilməz. Şübhəsiz ki, dostlarımızın və müttəfiqlərimizin yanımızda olmasını, göstərdikləri dəstəyi heç vaxt danmırıq və bunu heç kəs dana bilməz. Amma Azərbaycan hərbçisinin canı və qanı, Azərbaycan xalqının fədakarlığı hesabına əldə edilən Zəfəri özününküləşdirmək, bu qələbədən özünə pay götürmək istəyənlərin olması, əlbəttə ki, bizim qəbul edə bilməyəcəyimiz bir məsələdir. Cənab Prezidentin çıxışlarında da bu məqam çox aydın şəkildə qeyd olundu.

Münasibətlərin gələcəyinə gəldikdə isə, Azərbaycan tərəfi heç vaxt qonşu ölkələrlə, o cümlədən müttəfiqlərlə problem yaşamaq istəmir. Bizim niyyətimiz ümumiyyətlə gərginlik yaratmaq deyil. Lazımi addımların atıldığını düşünürəm. Bundan sonra da hansı ölkə olmasından asılı olmayaraq, Azərbaycana qarşı münasibətdə dəyişiklik olarsa, verəcəyimiz reaksiyaların necə olacağı artıq, hesab edirəm ki, göstərildi".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə