BDYPİ: Mikroavtobusun texniki nasazlığı qəzaya səbəb olub

BDYPİ: Mikroavtobusun texniki nasazlığı qəzaya səbəb olub

Bu gün saat 09:45 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən, təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb.

SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində mikroavtobusda olan 14 sərnişindən 2-si – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

“Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır”, - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə