Qış aylarında xəmir yeməklərinin – düşbərə, xəngəl, qutab, əriştə, mantı və digər un məmulatlarının daha çox istehlak edilməsi geniş yayılmış vərdişdir. Soyuq havalarda enerji ehtiyacının bir qədər artması və bu yeməklərin doyumlu olması onların qida rasionunda daha çox yer almasına səbəb olur. Lakin xəmir yeməklərinin həddindən artıq və müntəzəm qəbulu sağlamlığa mənfi təsir göstərə bilər.
Bu sözləri SİA-ya qida eksperti Fərid Səfərov deyib.

O bildirib ki, əsas problem xəmir yeməklərinin çox vaxt ağ undan hazırlanmasıdır. Ağ un lif baxımından kasaddır və belə qidaların həddindən artıq qəbulu qanda şəkərin sürətlə yüksəlməsinə, insulin ifrazının artmasına və uzunmüddətli perspektivdə insulin müqaviməti riskinin yüksəlməsinə şərait yarada bilər:
“Digər tərəfdən, xəmir yeməkləri yağlı ət, kərə yağı, quyruq yağı, qaymaq və digər yüksək kalorili məhsullarla birlikdə istehlak edildikdə ümumi enerji qəbulu artır. Bu isə çəki artımına, piylənməyə, qanda xolesterin səviyyəsinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Tərəvəz və lifli qidaların az, xəmir yeməklərinin isə çox qəbul edilməsi qəbizlik və həzm problemlərini də gücləndirə bilər.
Bununla belə, xəmir yeməklərini tamamilə qida rasionundan çıxarmağa ehtiyac yoxdur. Əsas məsələ porsiya ölçüsünə və hazırlanma üsuluna diqqət yetirməkdir. Ağ unun bir hissəsini tam taxıl unu ilə əvəz etmək, yeməklərdə yağ miqdarını azaltmaq, içlikdə yağsız ət və tərəvəzlərdən istifadə etmək, yanında salat və göyərti qəbul etmək daha sağlam seçimdir.
Nəticə etibarilə, qışda xəmir yeməklərinin yeyilməsi özlüyündə zərərli deyil. Risk onların həddindən artıq, tez-tez və balanssız qidalanma fonunda istehlak edilməsidir. Sağlam qidalanmada əsas prinsip mövsümdən asılı olmayaraq müxtəliflik və balansın qorunmasıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB