“Müstəqil dövlətçiliyimizin və milli iradəmizin hüquqi təməli Konstitusiyadır” - MİLLƏT VƏKİLİ

“Müstəqil dövlətçiliyimizin və milli iradəmizin hüquqi təməli Konstitusiyadır” - MİLLƏT VƏKİLİ

“12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü xalqımızın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Konstitusiya hər bir müstəqil dövlətin hüquqi dayağı, gələcəyinin yol xəritəsi, xalqın iradəsini və milli dəyərlərini özündə birləşdirən ali sənəddir”.

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu sənəd yalnız qanunların məcmusu deyil, həm də dövlətlə vətəndaş arasında etimadın, hüquq və məsuliyyətin, azadlıq və ədalətin əsas təminatıdır:

”Müstəqil Azərbaycanın Konstitusiyası dövlətimizin dünənini, bu gününü və gələcəyə uzanan inkişaf yolunu birləşdirən mühüm mənəvi-hüquqi sütundur.

Azərbaycanın konstitusiya tarixində müstəqillik dövrü xüsusi mərhələ təşkil edir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik iradəsini dünyaya nümayiş etdirsə də, mürəkkəb tarixi şərait səbəbindən ayrıca Konstitusiya qəbul etmək mümkün olmamışdı. Dövlət müstəqilliyinin bərpasından sonra isə Azərbaycanın öz milli maraqlarına, suverenliyinə və demokratik inkişaf yoluna uyğun Əsas Qanuna ehtiyacı yarandı. Bu zərurət yeni dövlət quruculuğunun hüquqi əsaslarının formalaşdırılmasını gündəmə gətirdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsinə çıxarılan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edildi. Bu hadisə ölkəmizin siyasi və hüquqi həyatında yeni bir səhifə açdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qəbul edilən Əsas Qanun müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsinə, demokratik təsisatların formalaşmasına və hüquqi dövlət quruculuğuna möhkəm zəmin yaratdı. Ulu Öndər Konstitusiyanın mahiyyətini ifadə edərək onun dövlətlə xalq arasındakı münasibətlərin hüquqi əsasını təşkil etdiyini xüsusi vurğulayırdı. Onun dövlətçilik fəlsəfəsində qanunun aliliyi, insan hüquqlarının qorunması və xalqın iradəsinə hörmət başlıca prinsiplərdən idi.

Konstitusiyanın əsas ideyalarından biri Azərbaycan xalqının dövlət hakimiyyətinin yeganə mənbəyi olmasıdır. Əsas Qanun hər bir vətəndaşın hüquq və azadlıqlarını, cəmiyyətdə bərabərliyini, fikir və söz azadlığını, mülkiyyət hüququnu və digər fundamental prinsipləri təmin edir. Burada təsbit olunan müddəalar insanı dövlətin əsas dəyəri kimi qəbul edən müasir idarəçilik fəlsəfəsini əks etdirir. Çünki güclü dövlət yalnız iqtisadi və siyasi imkanları ilə deyil, həm də vətəndaşının hüquqlarına verdiyi dəyərlə ölçülür. Konstitusiya məhz bu dəyərlərin qorunmasına xidmət edən etibarlı hüquqi təminatdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə Konstitusiyanın müəyyən etdiyi müstəqillik, suverenlik və milli maraqların qorunması prinsipləri xüsusi yer tutur. Dövlət başçısının siyasi kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil mövqeyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyinin təmin olunmasına və ölkənin hərtərəfli inkişafına yönəlib. Xüsusilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu gün üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması Konstitusiyada təsbit edilmiş suverenlik prinsipinin real təcəssümüdür. Beləliklə, hüquqi əsasları Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlar fonunda davam etdirilir.

Zamanın tələblərinə uyğun olaraq Konstitusiyaya edilən dəyişikliklər də dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, hüquqi mexanizmlərin müasirləşdirilməsinə və vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına xidmət edib. Bu dəyişikliklər Azərbaycanın dinamik inkişafının, dəyişən ictimai-siyasi münasibətlərə uyğunlaşmasının göstəricisidir. Əsas Qanun dəyişməz dövlətçilik prinsiplərini qorumaqla yanaşı, ölkənin inkişafına uyğun hüquqi imkanlar yaradır. Bu baxımdan Konstitusiya həm tarixi irsimizin qoruyucusu, həm də gələcək nəsillərə ötürülən dövlətçilik əmanətidir.

Bu gün Konstitusiya Günü yalnız hüquqi sənədin qəbul edildiyi tarixi xatırlamaq deyil, həm də müstəqilliyimizin hansı böyük mübarizə və iradə hesabına əldə olunduğunu dərk etmək baxımından əhəmiyyətlidir. Konstitusiyaya hörmət dövlətə, xalqa və Vətənə hörmətin ifadəsidir. Qanunun aliliyinin qorunduğu, hüquqların təmin edildiyi, milli maraqların uca tutulduğu cəmiyyət daha güclü və dayanıqlı gələcəyə sahib olur. 12 Noyabr hər bir azərbaycanlıya xatırladır ki, müstəqillik yalnız qazanılmalı deyil, həm də qanunlara, milli birliyə və dövlətçilik dəyərlərinə söykənərək daim qorunmalıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə