Üçrəngli bayrağımız - müstəqilliyimizin, milli qürurumuzun və zəfərimizin rəmzi - MƏQALƏ

Üçrəngli bayrağımız - müstəqilliyimizin, milli qürurumuzun və zəfərimizin rəmzi - MƏQALƏ

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biridir. Bu gün hər bir azərbaycanlı üçün müstəqilliyimizin, milli kimliyimizin, suverenliyimizin və dövlətçiliyimizin rəmzi olan üçrəngli bayrağımıza sevgi və ehtiramın ifadəsidir. Azərbaycan Bayrağı sadəcə dövlət atributu deyil, xalqımızın azadlıq arzularının, tarixi yaddaşının və gələcəyə olan inamının təcəssümüdür.

Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu müdrik fikir Dövlət Bayrağımızın xalqımız və dövlətimiz üçün daşıdığı mənəvi və siyasi əhəmiyyəti aydın şəkildə ifadə edir. Bayrağımıza göstərilən hörmət əslində Vətənə, dövlətə və milli dəyərlərimizə olan sədaqətin göstəricisidir.

Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib. Bu tarixi hadisə xalqımızın müstəqil dövlətçilik ənənələrinin formalaşmasında mühüm mərhələ olub. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq milli kimliyimizi və azadlıq ideallarımızı özündə birləşdirib. Sovet hakimiyyəti dövründə rəsmi dövlət atributu kimi istifadədən çıxarılsa da, xalqımızın yaddaşında və qəlbində yaşamağa davam edib.

Üçrəngli bayrağımızın yenidən dövlətçilik həyatımıza qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. 1990-cı il noyabrın 17-də onun sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması ilə bağlı qərar verilib. Bu addımlar Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpası və müstəqilliyə doğru irəliləməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.

Ulu Öndər həmin tarixi hadisəni xatırlayarkən bildirmişdi ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası üzərində qaldırılan üçrəngli bayraq 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasında da dalğalanmağa başlayıb. Bu hadisələr milli dövlətçilik tariximizin mühüm səhifələridir. Heydər Əliyevin qətiyyətli siyasi mövqeyi və uzaqgörən təşəbbüsləri nəticəsində üçrəngli bayrağımız yenidən xalqımızın azadlıq və müstəqillik mübarizəsinin əsas rəmzinə çevrilib.

Müstəqilliyini bərpa edən Azərbaycan dövlət bayrağını milli suverenliyin əsas atributlarından biri kimi təsdiqləyərək beynəlxalq aləmdə öz layiqli yerini tutub. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində ölkəmizdə milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin və dövlət rəmzlərinə ehtiram ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ulu Öndər dövlət bayrağına münasibəti vətəndaşlıq məsuliyyətinin mühüm göstəricisi hesab edərək hər bir azərbaycanlının bu müqəddəs rəmzi özününkü bilməsinin vacibliyini vurğulayıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik siyasəti nəticəsində üçrəngli bayrağımız dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların iqamətgahları qarşısında və ölkəmizin bütün guşələrində dalğalanır. Prezident İlham Əliyev Dövlət Bayrağımızın xalqımız üçün xüsusi əhəmiyyətini vurğulayaraq onu qürur mənbəyimiz, canımız və ürəyimiz adlandırıb. Dövlət Bayrağı Meydanının yaradılması da milli rəmzlərimizə göstərilən yüksək ehtiramın təzahürüdür. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı keçirilib. Bu möhtəşəm məkan Azərbaycanın müstəqilliyinin, milli birliyinin və dövlətçilik iradəsinin rəmzinə çevrilib.

Azərbaycan dövlətçiliyinin ən mühüm nailiyyətlərindən biri də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması, üçrəngli bayrağımızın doğma Qarabağda və Şərqi Zəngəzurda ucaldılması xalqımızın tarixi Zəfərinin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbə nəticəsində dövlət bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmağa başlayıb.

Şuşada, Xankəndidə, Qubadlıda, Zəngilanda, Laçında, Cəbrayılda, Füzulidə və digər doğma torpaqlarımızda üçrəngli bayrağımızın ucalması xalqımızın qürur və sevinc mənbəyidir. Bu gün həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan sakinlərimizin məskunlaşması dövlətimizin gücünü və gələcəyə hesablanmış siyasətini nümayiş etdirir. Bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması həm də şəhidlərimizin qanı və canı bahasına əldə olunan Zəfərin əbədiliyinin ifadəsidir.

Dövlət Bayrağına sevgi və ehtiramın gənc nəslə aşılanması da xüsusi əhəmiyyət daşıyır. Hər bir Azərbaycan vətəndaşı dövlət rəmzlərinin tarixini, mənasını və əhəmiyyətini bilməli, onların qorunmasını özünün vətəndaşlıq borcu hesab etməlidir. Ulu Öndər Heydər Əliyevin “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun” fikri bu baxımdan böyük mənəvi məna daşıyır. Bayrağımız yalnız rəsmi binalarda və dövlət müəssisələrində deyil, hər bir ailənin qəlbində və gündəlik həyatında yaşamalıdır.

9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın keçdiyi tarixi yolu, müstəqillik uğrunda mübarizəsini, dövlətçilik ənənələrinə bağlılığını və qazandığı tarixi Zəfəri bir daha xatırladır. Bu gün üçrəngli bayrağımız müstəqil Azərbaycanın gücünü, milli birliyini və sarsılmaz suverenliyini bütün dünyaya nümayiş etdirir. Əminliklə demək olar ki, Azərbaycan Bayrağı bundan sonra da daim yüksəklərdə dalğalanacaq, xalqımızın milli qürurunun və dövlətimizin əbədi müstəqilliyinin rəmzi olaraq qalacaqdır.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov

Bütün xəbərlər Facebook səhifəmizdə