"Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə fəal iştirak edir" - DEPUTAT DANIŞDI

"Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə fəal iştirak edir" - DEPUTAT DANIŞDI

"COP konfransları son dövrün ən aktual, dünyanın diqqət mərkəzində olan və dünya liderlərinin toplaşdığı beynəlxalq tədbirlərdəndir. Azərbaycan da öz lideri timsalında vaxtaşırı bu tədbirlərdə iştirak edir. İki il bundan əvvəl COP29 Azərbaycanda keçirilmişdir. Onun təşkilatçılığı, əldə edilən nəticələr bu gün də dünya tərəfindən böyük maraqla müzakirə olunur".

Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Cənab Prezidentimizin birinci vitse-prezidentlə birlikdə Türkiyədə keçirilən forumda iştirak etməsi Azərbaycanın ekologiya və ətraf mühitin qorunması məsələlərinə necə diqqət yetirdiyinin nümunəsidir:

"Ənənəvi neft-qaz ölkəsi olmağımıza baxmayaraq, dövlətimiz təbiətin qorunmasına çox ciddi diqqət yetirir. Bakı ətrafında, Abşeronda yerləşən neft yataqlarından ən müasir texnologiyalarla neft-qaz çıxarılır, torpaqlar regenerasiya edilir, yaşıllıqlar salınır və ətraf mühitin qorunması üçün çox ciddi addımlar atılır.

Bunun nəticəsidir ki, Azərbaycanda havanın çirklənməsi ilə bağlı müəyyən edilmiş normalara əməl olunur, hətta bir sıra hallarda sənaye bölgələrində çirklənmə səviyyəsini normadan aşağı salmaq mümkün olmuşdur. İşğaldan azad edilmiş ərazilər yaşıl energetika zonası elan edilib. Bu isə o deməkdir ki, həmin ərazilərdə təbiətin imkanlarından istifadə etməklə əldə olunan elektrik enerjisinə üstünlük verilir.

Cənab Prezidentimiz Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər barədə, əlbəttə ki, COP31-də geniş danışacaq. Eyni zamanda, digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirilən görüşlərdə ikitərəfli məsələlər, ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlıq məsələləri ciddi şəkildə müzakirə olunur.

Azərbaycan istənilən beynəlxalq forumda arzuolunan qonaqdır. Bu tədbirdə iştirak da bir daha Azərbaycanın beynəlxalq aləmdə, şəxsən cənab Prezidentimizin isə beynəlxalq səviyyədə yüksək nüfuzundan xəbər verir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə