"Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığı bir daha diqqətə çatdırıldı" - POLİTOLOQ
"Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının əhəmiyyətini bir daha dünyanın diqqətinə çatdırdı. Həm daxildə, həm də xaricdə olan əleyhdarlarımız öz dərslərini aldılar. Son günlər ümumiyyətlə, bu münasibətləri zədələmək istəyən qruplara gözlənilməz zərbə vurulduğunu görürük. Artıq onların səsləri çıxmır. Bu o deməkdir ki, səfər hər kəsə kifayət qədər önəmli mesajlar verdi".
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.

Siyasətçinin sözlərinə görə, burada bir çox məsələ Azərbaycan və Türkiyənin yaxınlığından, dostluğundan, qardaşlığından qaynaqlanır:
"Bunlara Zəngəzur dəhlizinin açılması, Şuşa-Naxçıvan layihələrinin işlənməsi, Orta Dəhlizin genişləndirilməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatının güclənməsi, institutlaşması, real məzmun və mahiyyət kəsb etməyə başlaması daxildir.
Təbii ki, Azərbaycanın və Türkiyənin strateji, hərbi-siyasi əhəmiyyəti, bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsi və təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Azərbaycanın təhlükəsizliyində Türkiyənin dəstəyi, eyni zamanda Türkiyənin təhlükəsizliyində və inkişafında Azərbaycanın rolu və əhəmiyyəti xüsusi vurğulandı. Bütün bu məsələlər, məncə, bir daha diqqət mərkəzində oldu və onların son dərəcə əhəmiyyətli olduğu, bu istiqamətlərdə əməkdaşlığın davamlı xarakter daşıdığı nümayiş etdirildi.
Bu, olduqca önəmli məsələ idi. Əlbəttə, Şuşa Bəyannaməsi ilə biz artıq strateji tərəfdaşıq, bir-birimizin təhlükəsizliyinə təminat verən iki qardaş dövlətik. Lakin bu, bir daha Azərbaycanın və Türkiyənin təhlükəsizliyini təhdid edən qüvvələrin diqqətinə çatdırıldı və düşünürəm ki, olduqca faydalı oldu.
Son vaxtlar Azərbaycan sərhədlərinə qoşun yığan, Türkiyəni hədəf alan qrupların, məncə, ruhdan düşməsinə və geri çəkilməsinə bu amil təsir göstərdi. Düzdür, təhlükələr və risklər yenə də var, amma bütün hallarda Azərbaycanı qaralayanlar qarşılarında Türkiyənin də olacağını gördülər. Türkiyəyə qarşı olanlar Azərbaycanın da Türkiyə ilə birlikdə addımladığını anladılar. Bu, həm də böyük bir çəkindirmə tədbiridir.
Digər tərəfdən, bu birlik xalqlarımızın istəyidir. Xalqlarımızın, millətimizin arzusu budur ki, bu qardaş dövlətlər bir arada olsunlar, bir-birlərinə dəstək versinlər və bir-birlərini qorusunlar. Yeni, son dərəcə qarışıq və təhlükəli bir dünyada yalnız birlikdə olmaq bizi daha böyük qayğılardan və ciddi fəlakətlərdən qoruya bilər.
Əslində, biz bu birliyimizi bir daha nümayiş etdirməklə, düşünürəm ki, olduqca faydalı və doğru bir addım atdıq. Bunu həm dostlarımıza, həm də düşmənlərimizə çatdırdığımızı deyə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB