Azərbaycan-Türkiyə-Gürcüstan MMU-ları rektorlarının üçtərəfli görüşü keçirilib

Azərbaycan-Türkiyə-Gürcüstan MMU-ları rektorlarının üçtərəfli görüşü keçirilib

Müdafiə Nazirliyi ilə Türkiyə və Gürcüstanın müdafiə nazirlikləri arasında mövcud olan qarşılıqlı əməkdaşlıq planlarına əsasən, Bakı şəhərində üç ölkənin Milli Müdafiə Universitetlərinin (MMU) rektorlarının rəhbərlik etdikləri nümayəndə heyətləri arasında üçtərəfli görüş keçirilib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, MMU-nun rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyətləri ilə görüşüb. Görüşdə Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onların müsbət nəticələrindən danışılıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə qonaqlara ətraflı məlumat verilib.

Görüş zamanı üç ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlığın inkişafında bu cür üçtərəfli görüşlərin əhəmiyyəti vurğulanıb. Həmçinin qarşıdakı illərdə hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi və birgə fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə üçtərəfli tədbirlərin planlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyətləri MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri institutun "Şərəf kitabı"na ürək sözlərini yazaraq göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə