Leyla Əliyeva bir sıra mühüm görüşlər keçirib

Leyla Əliyeva bir sıra mühüm görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali ilə görüş keçirib. SİA xəbər verir ki, görüş zamanı Azərbaycanın dayanıqlı şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bu xüsusda IDEA İctimai Birliyinin şəhər mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji maarifləndirməyə yönəlmiş layihə və təşəbbüsləri diqqətə çatdırılıb.

Müzakirələr çərçivəsində sahilyanı şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi, müvafiq risklərin qiymətləndirilməsi və şəhərsalma kontekstində ekoloji amillərin nəzərə alınmasının vacibliyi vurğulanıb.

Bundan əlavə, IDEA İctimai Birliyi və UN-Habitat arasında şəhərlərin yaşıllaşdırılması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və iqlim dəyişmələrinə uyğunlaşma sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Bu istiqamətdə IDEA İctimai Birliyi və UN-Habitat tərəfindən birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına toxunulub.

Leyla Əliyeva, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Baş katibi Celeste Saulo ilə görüş keçirib.

Görüşdə iqlim dəyişmələrinin təsirlərinin qiymətləndirilməsi, meteoroloji müşahidələrin təkmilləşdirilməsi və elmi məlumatlardan səmərəli istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda Azərbaycanda iqlim monitorinqinin gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, eləcə də iqlim hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemlərinin inkişafının əhəmiyyəti qeyd olunub.

Müzakirələr çərçivəsində Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişikliklərin elmi baxımdan öyrənilməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub. Xüsusilə dənizin səviyyəsindəki dəyişikliklərin daha dərindən araşdırılması məqsədilə uzunmüddətli iqlim müşahidələrinin, meteoroloji məlumatların və külək rejiminə dair göstəricilərin birgə təhlili perspektivləri müzakirə edilib.

Bundan əlavə, Azərbaycanda gənc tədqiqatçıların iqlim araşdırmaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq elmi təcrübə mübadiləsi və müvafiq təlim proqramlarının təşkili istiqamətində IDEA İctimai Birliyi və WMO-nun əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə