Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarır və risklərin daha dolğun qiymətləndirilməsinə imkan yaradır.
Azərbaycanın bank, mikromaliyyə və fintek sektoru nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni həllin imkanları, risklərin idarə olunmasında məlumat əsaslı yanaşmaların rolu və maliyyə inklüzivliyinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Yeni həll ənənəvi skorinq modellərini əvəz etmir, onları əlavə davranış göstəriciləri ilə zənginləşdirir. Süni intellekt texnologiyalarından istifadə etməklə müştərilərin ödəniş davranışlarını təhlil edən sistem maliyyə institutlarına risklərin qiymətləndirilməsi və daha əsaslandırılmış qərarların qəbul edilməsi üçün əlavə analitik imkanlar verir.
Azərikard Prosessinq Mərkəzinin Baş direktoru Fərid Quliyev bildirib:
“Məqsədimiz ödəniş ekosistemində formalaşan məlumatları maliyyə sektoru üçün real dəyərə çevirməkdir. Mastercard-la birgə hazırladığımız bu həll qabaqcıl analitika və əlavə dəyər yaradan texnoloji xidmətlərin inkişafında növbəti addımdır. İnanırıq ki, bu yenilik maliyyə institutlarının daha əsaslandırılmış qərarlar qəbul etməsinə və ölkəmizdə maliyyə xidmətlərinin inkişafına töhfə verəcək”.
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş direktoru Onur Faydacı qeyd edib:
“Rəqəmsal ödənişlərin genişlənməsi müştərilərin maliyyə davranışlarını daha yaxından anlamaq üçün yeni imkanlar açır. Azərikard-la əməkdaşlığımız çərçivəsində hazırlanmış bu innovativ həll maliyyə institutlarına daha əhatəli analitik məlumatlar təqdim etməklə risklərin idarə olunmasını təkmilləşdirməyə, maliyyə inklüzivliyinin genişlənməsinə dəstək olacaq”.
Tədbir çərçivəsində Azərikard-la Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Rabitəbank arasında əməkdaşlıq memorandumları da imzalanıb.
Memorandumlar yeni texnoloji həllin tətbiq imkanlarının araşdırılması, maliyyə ekosistemində tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və məlumat əsaslı maliyyə xidmətlərinin inkişafı üçün əməkdaşlıq çərçivəsi yaradır.
Yeni həll və tərəfdaşlıqlar Azərikardın ödəniş infrastrukturu sahəsindəki təcrübəsini qabaqcıl analitik texnologiyalarla birləşdirərək maliyyə sektoru üçün əlavə dəyər yaradan xidmətlərin inkişafına verdiyi önəmi nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB