Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsinə rəyini açıqlayıb -NƏSİR SADIQOV
“2027-ci il dövlət büdcəsinin layihəsinə dair rəy ali audit orqanının büdcə sənədlərinin qanunvericiliyə uyğunluğu, gəlir və xərclərin, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, eləcə də onların makroiqtisadi parametrlərə və strateji sənədlərə uyğunluğu ilə bağlı mövqeyini əks etdirir”.
SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Hesablama Palatasının əvvəlki rəylərində qaldırılan məsələlərin əksəriyyəti yeni büdcə zərfində tam və ya qismən nəzərə alınıb. Rəyin hazırlanması prosesində Maliyyə Nazirliyi ilə aparılan müzakirələr nəticəsində büdcə sənədlərinə müvafiq düzəlişlər edilib.
Nəsir Sadıqov qeyd edib ki, dövlət büdcəsi layihəsi ilə birlikdə təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Hesablama Palatasının qiymətləndirməsinə əsasən, qanun layihəsində əks olunan məbləğlər əsasən düzgün olsa da, bəzi göstəricilərin dəqiqləşdirilməsinə ehtiyac var.
O bildirib ki, 2027-ci ildə dövlət büdcəsi xərclərinin gözlənilən icra göstəriciləri ilə müqayisədə 1 milyard 565 milyon manat və ya təxminən 3,8 faiz artacağı proqnozlaşdırılır. Təhlillər funksional təsnifat üzrə artımın əsasən bölüşdürülməmiş, yəni blok xərclər hesabına formalaşdığını göstərir.
Belə ki, kənd təsərrüfatı bölməsi üzrə 2027-ci il xərclərinin 315,8 milyon manatı bölüşdürülməmiş xərclərdir. Bu, ümumi xərclərin 22,19 faizini təşkil edir. 2026-cı ilin gözlənilən icrası ilə müqayisədə həmin xərclər 157 milyon manat artıb.
Təhsil bölməsi üzrə bölüşdürülməmiş xərclərin həcmi 945,7 milyon manat, ümumi xərclərdə payı isə 18,5 faiz təşkil edir. Bu göstərici ötən ilin gözlənilən icrası ilə müqayisədə 292 milyon manat çoxdur. Elm bölməsi üzrə isə 53,2 milyon manat bölüşdürülməmiş xərc nəzərdə tutulub ki, bu da ümumi xərclərin 20,6 faizidir.
Sədr müavini diqqətə çatdırıb ki, 2027-ci ildə dövlət büdcəsinin inzibati təsnifatı üzrə 30 istiqamətdə 1 milyard 328 milyon manat subsidiya ayrılması proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 257 milyon manat və ya təxminən 24 faiz çoxdur. Artımın əsas səbəbi kənd təsərrüfatı sahəsində islahatlar çərçivəsində subsidiyaların artırılmasıdır.
Bununla yanaşı, Hesablama Palatası subsidiya uçotunda vahid yanaşmanın olmadığını müəyyən edib. Bəzi qurumlara ayrılan vəsaitlər subsidiya kimi, digərlərinə isə iqtisadi təsnifatın müxtəlif xərc maddələri üzrə təqdim olunur. Palata bu yanaşmanın təkmilləşdirilməsini və maliyyə nəticələrinin büdcə zərfində daha dolğun əks etdirilməsini vacib hesab edir.
Nəsir Sadıqov əlavə edib ki, orta müddətli xərclər çərçivəsi islahatlarının əhatə dairəsi genişlənir. 2027-ci ildə təhsil sektorunda 11 proqramın həyata keçirilməsi üçün 5 milyard manat, sosial müdafiə və sosial təminat sektorunda 9 proqram üçün 4 milyard 479 milyon manat, kənd təsərrüfatı sektorunda isə 8 proqram üçün 1 milyard 379 milyon manat vəsait nəzərdə tutulub.
O, həmçinin qeyd edib ki, büdcə zərfində fiskal dayanıqlığa təsir edən risklərlə bağlı məlumatlılıq və təhlillər yaxşılaşdırılıb. İqtisadi artım, inflyasiya gözləntiləri, vergi inzibatçılığının təkmilləşdirilməsi və qanunvericiliyə təklif olunan dəyişikliklər hesabına növbəti ildə əlavə gəlir potensialının formalaşması gözlənilir.
Hesablama Palatasının sədr müavini vurğulayıb ki, 2027-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı rəydə bir sıra təklif və tövsiyələr də irəli sürülüb. Bunlara məqsədli proqramların xərclərinin büdcə sənədlərində ayrıca göstərilməsi, torpaq vergisi üzrə vergi potensialının artırılması, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, blok xərclərin azaldılması və büdcə sənədlərinin şəffaflığının artırılması daxildir.
Sonda Nəsir Sadıqov Hesablama Palatasının rəydə qeyd olunan məqamların nəzərə alınması şərtilə 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə baxılmasını tövsiyə etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB