“Qadın sahibkarlara 22 milyon manatdan çox güzəştli kredit verilib“ -AZƏR BAYRAMOV

“Qadın sahibkarlara 22 milyon manatdan çox güzəştli kredit verilib“ -AZƏR BAYRAMOV

Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması məşğulluğun artırılması və iqtisadi inkişafın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanın Biznes İnkişaf Fondu tərəfindən 2026-cı ilin ilk 10 ayında 500-ə yaxın qadın sahibkara investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 22 milyon manatdan çox güzəştli kredit ayrılıb.
SİA xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin komitə iclasında deyib.

Nazir müavini qeyd edib ki, qadın sahibkarlığının inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən, təsisçisi qadın olan kommersiya hüquqi şəxslərinin sayı 34 mindən, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 mindən çoxdur.

Azər Bayramov bildirib ki, qadın sahibkarlara ayrılan güzəştli kreditlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye məhsullarının istehsalı, akvakultura, turizm və xidmət sahələrində həyata keçirilən layihələrə yönəldilib.

Onun sözlərinə görə, qadın sahibkarlar ənənəvi xidmət sahələri ilə yanaşı, istehsal və emal istiqamətlərinə də maraq göstərirlər. Bu layihələrin əhəmiyyətli hissəsinin regionlarda reallaşdırılması yerli məşğulluğun artmasına və regional iqtisadi canlanmaya töhfə verir.

Nazir müavini əlavə edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən qadın sahibkarlara qrantlar ayrılır, innovasiya fəaliyyəti ilə məşğul olanlara isə startap şəhadətnamələri təqdim edilir. Eyni zamanda, mindən çox qadın sahibkarın yerli və beynəlxalq sərgilərdə, yarmarkalarda iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib.

Azər Bayramov rəqəmsal bacarıqların inkişafının da qadınların iqtisadi fəallığının artırılmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarının əməkdaşlığı ilə həyata keçirilən 4S Akademiyası Milli Proqramı vətəndaşlara dünyanın aparıcı universitetlərinin və texnologiya şirkətlərinin onlayn təlimlərindən ödənişsiz yararlanmaq imkanı yaradır.

Nazir müavininin sözlərinə görə, 2025-ci ilin aprelindən indiyədək qadınlar tərəfindən 70 mindən çox təlim tamamlanıb. Maşın öyrənməsi və data analitikası üzrə təlimlərdə qadınların payı isə 42 faizdən 59 faizə yüksəlib.

O vurğulayıb ki, qadınların iqtisadi fəaliyyətinin genişləndirilməsi inklüziv və dayanıqlı iqtisadi artımın təmin olunmasının mühüm istiqamətlərindən biridir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə