“2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat olacaq“ -HİMALAY MƏMİŞOV
2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat olacaq.
2027-ci ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərinin 8,8 milyard manat həcmində proqnozlaşdırılması nəzərdə tutulur. Bu, dövlət büdcəsinin ümumi xərclərinin 20,8 faizini təşkil edir və 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 748,4 milyon manat və ya 9,3 faiz çoxdur.
SİA xəbər verir ki, bu sözləri maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin üç komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı 2027-ci ilin büdcə siyasətinin əsas istiqamətlərindəndir.
Onun sözlərinə görə, növbəti il iqtisadi fəaliyyət xərclərinə 8,9 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitin tərkibində dövlət əsaslı vəsait qoyuluşu üçün 5,3 milyard manat, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin maliyyələşdirilməsi üçün isə 3,4 milyard manat nəzərdə tutulub.
Himalay Məmişov qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi regionda investisiya yönümlülüyü ilə seçilən büdcələrdən biri olacaq. Belə ki, əsaslı xərclərin dövlət büdcəsində xüsusi çəkisi 32,5 faizə çatacaq.
Nazir müavini kənd təsərrüfatına ayrılacaq vəsait barədə də məlumat verib. Bildirib ki, bu sahəyə 1,4 milyard manat vəsait yönəldiləcək. Bunun 775 milyon manatı subsidiyaların maliyyələşdirilməsinə, 477 milyon manatı meliorasiya tədbirlərinə, 128 milyon manatı isə digər kənd təsərrüfatı tədbirlərinə sərf olunacaq.
O əlavə edib ki, aqrar sektora ayrılan vəsaitin artırılması kənd təsərrüfatının inkişafına, məhsuldarlığın yüksəldilməsinə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Himalay Məmişov Dövlət Neft Fondundan transfertlərin azaldılmasının da büdcə siyasətinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb. Onun sözlərinə görə, növbəti il Fondun dövlət büdcəsinə transfertinin təxminən 7 milyard ABŞ dolları olması nəzərdə tutulur. 2030-cu ilədək bu məbləğin 5,5 milyard dollara endirilməsi hədəflənir.
Nazir müavini bildirib ki, bu yanaşma Dövlət Neft Fondunun ehtiyatlarının qorunmasına, qeyri-neft gəlirlərinin artırılmasına və ölkənin fiskal dayanıqlılığının gücləndirilməsinə imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB