“Aqrar sektorda vergi yükü fermerlər üçün çətinlik yarada bilər“ -TAHİR RZAYEV

“Aqrar sektorda vergi yükü fermerlər üçün çətinlik yarada bilər“ -TAHİR RZAYEV

“Kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin olunmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayan strateji sahədir. Bu baxımdan aqrar sektorun inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır.

Prezident İlham Əliyev də kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır və bu sahəyə xüsusi dövlət dəstəyi göstərir”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, mayın 26-da qəbul edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsulları istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” qarşıya mühüm vəzifələr qoyur. Bu vəzifələrin əsas istiqaməti ölkədə ərzaq bolluğunun yaradılmasıdır.

Onun sözlərinə görə, aqrar sektorun inkişafı üçün dövlət dəstəyinin artırılması və əlavə maliyyə resurslarının cəlb edilməsi vacibdir. Bu il əvvəlki illərlə müqayisədə kənd təsərrüfatı xərclərinin 153 milyon manat artırılması müsbət göstəricidir və ölkədə aqrar sektorun inkişafına töhfə verəcək.

T.Rzayev kənd təsərrüfatı məhsullarına 10 faizlik verginin tətbiqi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu addım fermerlərin fəaliyyətində və aqrar sektorun inkişafında müəyyən çətinliklər yarada bilər.

Deputatın fikrincə, texniki xidmətlərin və yanacağın qiymətlərinin artdığı bir şəraitdə əlavə vergi yükünün tətbiqi fermerlərin vəziyyətini daha da çətinləşdirə bilər. Buna görə də verginin tətbiqi müddətinin uzadılması məqsədəuyğun olardı. O vurğulayıb ki, uzun müddət kənd təsərrüfatına vergi güzəştlərinin tətbiq edilməsi sahibkarların fəaliyyətini davam etdirməsinə və ayaqda qalmasına imkan yaradıb.

Millət vəkili çıxışında təhsil sahəsindəki problemlərə də toxunub. O bildirib ki, doğum sayının illər üzrə azalması nəticəsində bəzi məktəblərdə siniflər bağlanır və müəllimlər iş yerlərini itirirlər. Digər tərəfdən, bəzi siniflərdə şagird sayı 35-40 nəfərə çatır ki, bu da tədrisin keyfiyyəti baxımından narahatlıq doğurur.

T.Rzayev təklif edib ki, siniflərin şagird sayına uyğun bölünməsi məsələsinə diqqət yetirilsin və gələcəkdə siniflərdə 18-20 şagirdin təhsil alması təmin edilsin. Onun sözlərinə görə, bu, həm müəllimlərin işlə təmin olunmasına, həm də şagirdlərin keyfiyyətli təhsil almasına müsbət təsir göstərə bilər.

Deputat sonda vurğulayıb ki, təhsil ümumxalq işidir və yalnız bir nazirliyin vəzifəsi kimi qiymətləndirilməməlidir. Bu sahədə atılan hər bir addım uşaqların gələcəyi və ölkənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə