"Azərbaycan heç bir halda münaqişənin iştirakçısına çevrilməməlidir" - ŞƏRH EDİLDİ

"Azərbaycan heç bir halda münaqişənin iştirakçısına çevrilməməlidir" - ŞƏRH EDİLDİ

"Azərbaycan hər zamankı siyasətinə sadiq qalmalıdır. Biz münaqişə tərəfi olmamalıyıq. Necə ki, Azərbaycan dövləti heç vaxt münaqişə tərəfinə çevrilməyib. Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı müharibəsində Azərbaycan birmənalı şəkildə öz tərəfsizliyini qoruyub, eyni zamanda İrana humanitar yardım göstərməkdən də çəkinməyib".

Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Siyasi eksperti sözlərinə belə davam edib:

"İran qonşu dövlətdir. Təbii ki, dövlətimiz orada gərginliyin olmasını arzulamır. Çünki qonşuda bir yanğın varsa, alovun bizə də sıçraması mümkündür. Bu baxımdan, biz çalışırıq ki, qonşu ölkələrdə də sabitlik olsun. Müharibə arzulamırıq.

Lakin Amerika Birləşmiş Ştatları İran məsələsində qətiyyətli görünür. İranın birdəfəlik bitirilməsi və yerində normal, dünyəvi bir dövlətin qurulması üçün işlər aparılır. Faktiki olaraq, ali dini rəhbərlik hazırda oyundan kənarlaşdırılıb. Baxmayaraq ki, onun rəhbəri Xamenei guya haradasa hansısa göstərişlər və əmrlər verir, amma ortada faktiki olaraq ali dini rəhbərlik yoxdur. Bu, İranın dünyəvi dövlətə keçidinin əlaməti kimi qəbul edilə bilər.

Digər tərəfdən, bu variant reallaşmasa, masa üzərində İranın parçalanması və onun yerində ən azı yeddi yeni dövlətin qurulması planları var. Həmin planlar çərçivəsində İranda Güney Azərbaycan Cümhuriyyətinin, yaxud da Güney Azərbaycan Türk Cümhuriyyətinin qurulması nəzərdə tutulur ki, bu da Azərbaycan Respublikasının maraqlarına zidd deyil. İstənilən halda, növbəti mərhələdə yanımızda İranın və ya onun yerində yaranacaq yeni dövlətlərin bizə zərərli olmayacağını düşünürük.

Bu baxımdan, aparılan proseslərin, bütövlükdə Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi siyasətin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün faydalı nəticələrə gətirib çıxaracağını düşünürük. Bizim zərər görəcəyimizi proqnozlaşdırmırıq. Əksinə, bu proseslərdən xeyirli çıxacağımızı düşünürük.

Bütün bu proseslərdə Azərbaycan dövləti neytrallığını sonadək qoruyacaq, yəni münaqişə tərəfinə çevrilməyəcək. Nə baş verəcəksə, İranın daxilində baş verəcək: bölünmələr, parçalanmalar, hakimiyyət dəyişikliyi və sairə. Azərbaycan bu proseslərdə bir dövlət olaraq iştirak etməyəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə