Avtomobil texnologiyaları sürücünün diqqətini yayındıraraq qəza riskini artıra bilərmi? - EKSPERT DANIŞDI
"Sürücülərin diqqətini yayındıracaq elementlərə gəldikdə, onların bir neçəsini sadalaya bilərik. O cümlədən müasir elektron sistemlər də buna aiddir. Buradakı fərq ondan ibarətdir ki, bugünkü elektron sistemlərin avtomobillərdə daha qabarıq şəkildə tətbiqi və sürücünün manevr qaydalarına birbaşa mane ola bilməsi diqqət çəkir. Düzdür, bu gün müasir texnologiyaların istifadəsi ilə avtomobillərin daha üstün texnologiyalar vasitəsilə idarə olunması faktı da var. Məsələn, bu gün hamıya məlumdur ki, sürücüsüz idarə olunan bəzi avtomobillər mövcuddur və onların idarəetmə prinsipi tamamilə fərqli şəkildə qurulur".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrinin idarə edilməsində texnoloji üstünlüklərin rolu açıq və aydın şəkildə görünür:
"Güzgülərlə bağlı məsələyə gəldikdə isə, hazırda hətta güzgülərin idarə edilməsi də elektron formada həyata keçirilir. Bu gün elə avtomobillər var ki, onların güzgü sistemləri elektron və kamera texnologiyaları ilə təchiz olunub. Ənənəvi şüşə əvəzinə həm güzgü, həm də kamera rolunu oynayan elektron parlaq materialdan istifadə olunur.
Bununla belə, dünya müasir avtomobil sənayesində irəliləməyə və inkişaf etməyə davam edir. Bunun başlıca meyarlarından biri də nəqliyyat vasitələrinin daha komfortlu və texnoloji üstünlüklərdən istifadə edilməklə idarə olunmasıdır. Bu yanaşma nəqliyyat vasitələrinin texnoloji hərəkət imkanlarını artırır, pilotsuz və ya sürücüsüz idarəetmə sistemlərini təkmilləşdirir.
Müasir sənaye sahələrində robotlaşma və yeni texnologiyalar daha geniş tətbiq olunsa da, avtomobil sənayesində bu texnologiyalar hələ nisbətən zəif inkişaf edib. Bunun əsas səbəbi bugünkü idarəetmədə texnologiyanın üstünlüklərinin reallaşmasına mane olan əsas amilin insan faktoru olmasıdır. Avtomobili insan idarə etdiyi üçün sistem kimin hansı anda hansı qərarı verəcəyini əvvəlcədən proqramlaşdıra bilmir. İdarəetmə sistemləri və inkişaf etmiş texnologiyalar nə qədər təkmil olsa da, bu vəziyyət özünü büruzə verir.
Qəfil tormozlanma, yola piyadanın çıxması, həmçinin mal-qara və ya vəhşi heyvanların hərəkət etdiyi ərazilərdən keçən traslarda baş verə biləcək hadisələr bu qəbildəndir. Buna görə də prosesdə bu cür nüanslar mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB