2027-ci ildən Azərbaycanda mikro sahibkarlıq subyektləri vergi bəyannamələrini mövcud məlumatlar əsasında mobil həllər vasitəsilə avtomatlaşdırılmış qaydada təqdim edə biləcəklər. Yenilik sahibkarlar üçün inzibati prosedurların sadələşdirilməsinə və vergi öhdəliklərinin daha əlçatan olmasına xidmət edəcək.
SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Elmir Qarayev Bakıda keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel müzakirəsində deyib.
O bildirib ki, mikro və kiçik sahibkarlıq subyektləri say baxımından sahibkarlıq subyektlərinin əksəriyyətini təşkil edir. Bu subyektlər üçün “İnzibati icraat haqqında” qanunvericiliyin tətbiqi və inzibati proseslərin sadələşdirilməsi məqsədilə bir sıra yeniliklər nəzərdə tutulur.
Onun sözlərinə görə, müvafiq qanunvericilik layihəsi təsdiqlənib, texniki həllər isə tamamlanmaq üzrədir. Gözlənilir ki, 2027-ci ilin birinci rübünün hesabat dövründən etibarən mikro sahibkarlar bu imkandan yararlana biləcəklər.
Elmir Qarayev əlavə edib ki, vergi və bank məlumatlarının elektron sistemlərə inteqrasiyası hesabına biznesin təsdiqi prosesinin də avtomatlaşdırılması planlaşdırılır. Mövcud informasiya sistemlərindəki məlumatlar əsasında bu prosesin daha operativ həyata keçirilməsi nəzərdə tutulur.
Vergi rəsmisi vurğulayıb ki, əsas hədəflərdən biri inzibati araşdırmaların minimuma endirilməsi və onların risk əsaslı prinsiplərlə aparılmasıdır. Bununla da vergi və digər qanunvericilik tələblərinin biznes subyektləri üçün daha asan və əlçatan olması təmin ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB