Uşaq qohumlarla ünsiyyət qurmaq istəmirsə, nə edilməlidir? - PSİXOLOQ AÇIQLADI

Uşaq qohumlarla ünsiyyət qurmaq istəmirsə, nə edilməlidir? - PSİXOLOQ AÇIQLADI

"Uşağın qohumlarla ünsiyyət qurmaması və ya ünsiyyət qurmaq istəməməsinin bir neçə psixoloji və sosial səbəbi ola bilər. Psixoloji səbəblərdən başlıcası emosional yaxınlığın olmamasıdır. Belə ki, uşaq qohum adlandırdığımız insanlarla ünsiyyətdə olduğu mühitdə özünü rahat hiss edə bilmir. Digər tərəfdən, valideynin “Mənim qohumumdur, mütləq getməlisən” deməsi uşağı məcburi ünsiyyətə sövq edir. Bu zaman valideyn tərəfindən bəzən psixoloji zorakılıq da müşahidə olunur".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, digər bir səbəb isə qohumların uşağı başqaları ilə müqayisə etməsidir:

"Məsələn, valideyn öz bacısının, qardaşının, qayınanasının və ya baldızının övladları ilə uşağını müqayisə edir, onu tənqid edirsə, uşaq avtomatik olaraq həmin insanlara qarşı mənfi hisslər formalaşdıra və onları heç görmək belə istəməyə bilər.

Belə tənqidi müqayisələrdən sonra uşağın şəxsi sərhədlərinin pozulması da baş verir. Məsələn, istəmədiyi halda onu qucaqlamaq, öpmək, ona narahatlıq yaradan suallar vermək və s. Bütün bunlar uşağın daxilində qəzəb, narahatlıq və inciklik yarada bilər. Uşaq düşünə bilər: “Səni görəndə əsəbiləşirəm”, “Sənə görə danlanıram”. Göründüyü kimi, bu hallar bir-biri ilə zəncirvari şəkildə bağlıdır və nəticədə uşağın qohumları ilə ünsiyyətdən uzaqlaşmasına səbəb olur.

Digər tərəfdən, uşaqda sosial narahatlıq varsa, yad və ya az gördüyü insanlarla ünsiyyət qurmaqda çətinlik çəkə bilər. Uzun müddət görmədiyi, başqa şəhərdə yaşayan bir qohumu ilə qarşılaşdıqda belə düşünə bilər: “O gəldikdə mən onunla necə ünsiyyət quracağam?”

Məsələn, bəzən şəhərdə böyüyən uşaqların kənddən gələn uşaqlara qarşı fərqli, hətta yuxarıdan aşağı baxan münasibət göstərdiklərinin şahidi oluruq. Belə hallarda uşaqlar ilk növbədə qarşı tərəfin geyiminə fokuslana bilirlər. “Mən bunu heç vaxt geyinmərəm, amma o, bunu geyinib gəlib” kimi düşüncələr formalaşa bilər. Nəticədə uşaq həmin qohumun evinə getmək belə istəmir.

Eyni zamanda, ailədaxili münasibətlər də mühüm rol oynayır. Bacı-qardaş bir-birinə qarşı həddindən artıq soyuq münasibət göstərirsə, bu, uşaq üçün mənfi təcrübədir. Uşaq düşünə bilər: “Əgər valideynim öz bacısına və ya qardaşına qarşı belə münasibət göstərirsə, mən onlarla necə münasibət qura bilərəm? Mən də valideynimdən öyrənmişəm. Axı sən öz bacınla, qardaşınla düzgün ünsiyyət qura bilmirdin, münasibətləriniz yaxşı deyildi”.

Bəzən uşaqlar belə fikirlərini də ifadə edirlər: “Aytən xanım, anamın etdiyi hərəkətlərdən çox utanıram. Qonaq gedirik, orada hansısa mübahisə baş verir və mən öz daxilində stress, həyəcan keçirirəm”.

Valideynin davranışları da uşağın bu cür hisslər yaşamasına səbəb ola bilər. Bu, psixoloji baxımdan çox vacib məqamdır və uşağın müəyyən qohumlarla ünsiyyətdən qaçmasının səbəblərindən biri ola bilər.

Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: uşağın qohumlarla ünsiyyət qurmaq istəməməsi onun ümumiyyətlə insanlardan uzaqlaşması demək deyil. Əsas fərq də məhz budur.

Əgər uşaq hamıdan uzaqlaşırsa, deməli, burada artıq sosial narahatlıq və ya digər emosional çətinliklər ola bilər. Bu zaman uşağın emosional vəziyyətini və digər mümkün səbəbləri qiymətləndirmək vacibdir. Bu, diqqət yetirilməli bir siqnaldır.

Valideyn isə bəzən belə deyir: “Doktor, ümumiyyətlə, heç kimlə ünsiyyət qura bilmir”. Halbuki problem məhz qohumlarla ünsiyyətdədirsə, bunun müxtəlif səbəbləri ola bilər. Uşaqlar danışdıqda qohumları ilə görüşmək istəməmələrinin səbəblərini çox açıq və aydın şəkildə ifadə edə bilirlər.

Bəs bu zaman valideyn nə etməlidir?

İlk növbədə, uşağı ünsiyyətə məcbur etməməlidir. “Niyə mənim qohumlarımı sevmirsən?” deyə soruşmaq əvəzinə, onun hisslərini anlamağa çalışmalıdır. Çünki uşaq ona qarşı olan münasibətin səbəbini açıq şəkildə ifadə edə bilər.

Məsələn, deyə bilər: “Məni tənqid edirlər, başqaları ilə müqayisə edirlər, xoşuma gəlmir. Mənə qəribə baxırlar, fikirlərimə əhəmiyyət vermirlər”.

Bəzən isə uşağın narahatlığı xarici görünüşü ilə bağlı münasibətlərdən qaynaqlana bilər. Xüsusilə yeniyetməlik dövründə sosial, bioloji və hormonal dəyişikliklər baş verdiyi üçün uşağın həm üz cizgilərində, həm də bədən quruluşunda müəyyən dəyişikliklər müşahidə olunur. Ətrafdakı insanların bu dəyişikliklərə həssas yanaşmaması, empatiya göstərməməsi də uşaqda narahatlıq yarada bilər.

Ona görə də uşağın şəxsi və psixoloji sərhədlərinə hörmət etmək lazımdır. Əgər uşaq bu çətinliklərin öhdəsindən təkbaşına gələ bilmirsə, mütləq psixoloqa müraciət etmək tövsiyə olunur. Mütəxəssis problemin əsl səbəbini müəyyənləşdirərək uşağa bu cür ünsiyyət çətinliklərinin öhdəsindən gəlməkdə kömək edə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə