Boş saxlanılan torpağa görə vergi və ya cərimə tətbiq olunurmu? - EKSPERT DANIŞDI

Boş saxlanılan torpağa görə vergi və ya cərimə tətbiq olunurmu? - EKSPERT DANIŞDI

"Azərbaycan Respublikasında vətəndaşlara mülkiyyət hüququ əsasında pay torpaqları verilsə də, həmin torpaqlardan istifadə olunmaması ciddi problemlərdən biridir. Keçmiş Sovet İttifaqının dağılmasından sonra kolxoz və sovxozların balansında olan torpaqlar bütün Azərbaycan üzrə vətəndaşlara pay torpağı kimi verilmişdir. Lakin sovet hakimiyyətinin və kolxoz-sovxoz sisteminin dağılması nəticəsində bu torpaqların su, kommunikasiya və texniki avadanlıq təminatı olmadığına görə vətəndaşlar onlardan istifadə edə bilməmişlər".

Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, istifadə imkanlarının məhdud olması səbəbindən bu torpaqların təxminən 90 faizindən çoxu istifadəsiz qalmış və nəticədə vətəndaşların vergi borcları yaranmışdır. Bu vəziyyət kənd təsərrüfatının inkişafına mane olan əsas problemlərdən biridir:

"Sonradan bəzi iş adamları və kənd təsərrüfatı holdinqləri ayrı-ayrı rayonlarda vətəndaşlara məxsus münbit torpaqları satın alaraq öz adlarına keçirmiş, birləşdirmiş və onlardan səmərəli istifadə etməyə başlamışlar. Bu problemin həlli yollarından biri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan kollektiv təşkilatların yaradılmasıdır. Bir kəndin və ya müəyyən bir ərazinin sakinləri bir araya gələrək öz mülkiyyətlərində olan torpaqları birləşdirə və kolxoz-sovxozların alternativi kimi kollektiv təşkilatlar yarada bilərlər. Bu halda onlar torpaqlardan daha geniş miqyasda və səmərəli şəkildə faydalana bilərlər.

Bu istiqamətdə lazımi təbliğat işləri aparılmalı və vətəndaşlara izah edilməlidir ki, kollektiv təşkilatlarda birləşmədikləri təqdirdə uzun müddətdir istifadəsiz qalan torpaqlar üzrə yaranmış vergi borcları daha da arta bilər.

Digər torpaq kateqoriyalarında, məsələn, sənaye və digər xüsusi təyinatlı torpaqlarda, eləcə də fərdi vətəndaşların istifadəsində olan torpaqlarda problemlər o qədər də geniş miqyaslı deyil. Düzdür, əsas payı kənd təsərrüfatı təyinatlı torpaqlar və vətəndaşların fərdi istifadəsi üçün əldə etdikləri torpaqlar təşkil edir. Həmin torpaqlardan bəziləri yaşayış məntəqələrində fərdi ev tikintisi üçün ayrılsa da, vətəndaşlar tərəfindən istifadə olunmur. Bununla belə, ilbəil bu torpaqların qiyməti artır. Torpaqların sahəsi böyük olmadığından onlara tətbiq edilən vergi də yüksək deyil.

Lakin ölkəmizdə kənd təsərrüfatı təyinatlı torpaqların böyük həcmdə istifadəsiz qalması qlobal problemdir. Məsələ təkcə bu torpaqlara görə vergilərin ödənilməsi ilə bağlı deyil. Əsas problem böyük əkin sahələrinin və digər kənd təsərrüfatı təyinatlı torpaqların passiv vəziyyətdə qalması və təsərrüfat fəaliyyətinə cəlb edilməməsidir.

Respublikada qüvvədə olan qanunvericiliyə və Torpaq Məcəlləsinə görə, torpaqlara qulluq edilməlidir. Torpaq sahibkarları, eləcə də torpaqlar üzərində sərəncam və ya mülkiyyət hüququ olan fiziki və hüquqi şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin torpaqlara qulluq etməli və onları baxımsız vəziyyətdə qoymamalıdırlar. Hətta torpaqdan istifadə edilib-edilməməsindən asılı olmayaraq, Vergi Məcəlləsinə əsasən, müvafiq vergilər ödənilməlidir.

Təəssüf ki, ölkəmizdə torpaq resurslarının böyük bir hissəsi istifadə olunmur. Həcm baxımından istifadəsiz qalan torpaqların əsas hissəsini kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə