2027-ci ilin dövlət büdcəsi sosial yönümlü olacaq - HİCRAN HÜSEYNOVA

2027-ci ilin dövlət büdcəsi sosial yönümlü olacaq - HİCRAN HÜSEYNOVA

2027-ci ildə də Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü olması nəzərdə tutulur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı və həssas qrupların, şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Növbəti ildə bir sıra birdəfəlik və aylıq sosial müavinətlərin artırılması da gözlənilir.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Komitə sədri qeyd edib ki, ölkədə həyata keçirilən sosial islahatlar iqtisadi çətinliklərə baxmayaraq ardıcıl şəkildə davam etdirilib. Pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləği hər il artırılıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı və həssas təbəqədən olan insanların, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Hicran Hüseynova bildirib ki, gələn il uşağın doğulmasına görə birdəfəlik müavinətin, eləcə də üç yaşınadək uşaqlara qulluğa görə aylıq müavinətlərin artırılması nəzərdə tutulur. Bu addımlar ailələrin sosial rifahının yaxşılaşdırılması və uşaqlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Komitə sədri diqqətə çatdırıb ki, məişət zorakılığına, insan alverinə və erkən nikaha məruz qalmış şəxslərlə, sağlamlıq imkanları məhdud uşaqlarla və onların ailə üzvləri ilə sosial, psixoloji və sosial-psixoloji işin təşkili üçün də dövlət büdcəsində vəsait ayrılıb.

O vurğulayıb ki, bu istiqamətdə görülən tədbirlər həssas qrupların müdafiəsi, onların cəmiyyətə inteqrasiyası və sosial problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır. Hicran Hüseynova dövlət büdcəsində bu məsələlərin nəzərə alınmasını müsbət qiymətləndirərək layihənin əhatəli hazırlandığını bildirib və onun Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılmasına səs verəcəyini qeyd edib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə