“Vətən uğrunda göstərilən qəhrəmanlıqlar heç vaxt unudulmayacaq” - MİLLƏT VƏKİLİ

“Vətən uğrunda göstərilən qəhrəmanlıqlar heç vaxt unudulmayacaq” - MİLLƏT VƏKİLİ

“Biz 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində canını və sinəsini düşmən gülləsi qarşısında sipər edən mərd, cəsur və qəhrəman oğullarımızın şücaəti hesabına azad etdik. Bu tarixi Zəfər, ilk növbədə, Azərbaycan əsgərinin qəhrəmanlığının, xalqımızın birliyinin və dövlətimizin gücünün təntənəsi idi”.

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, təbii ki, müharibə itkisiz olmur:

” Vətən uğrunda canından keçən şəhidlərimiz oldu, sağlamlığını itirən qazilərimiz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və möhkəm can sağlığı versin. Döyüş meydanında misilsiz şücaət göstərən zabit və əsgərlərimizin bir qismi Vətən Müharibəsi Qəhrəmanı adına, “Qarabağ” və “Zəfər” ordenlərinə, eləcə də müxtəlif medallara layiq görülüblər.
Dövlət başçımızın şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və xüsusilə də döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbçilərimizə diqqət və qayğısı hər zaman xüsusi qeyd olunmalıdır. Bu kateqoriyadan olan insanların daim dövlətin diqqət mərkəzində saxlanılması onların xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
Xankəndidə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Vətən Müharibəsi qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenli hərbi qulluqçularla keçirilən görüş də bu diqqət və ehtiramın bariz nümunəsidir. Görüş zamanı qəhrəman hərbçilərimizin Vətən müharibəsində göstərdikləri şücaətin və tarixi Zəfərin əldə olunmasındakı xidmətlərinin xüsusi ehtiramla qeyd edilməsi mühüm mənəvi və ictimai əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə prezidentlərinin bu qəhrəmanlarla bir araya gəlməsi həm də iki qardaş ölkənin Vətən uğrunda döyüşmüş hərbçilərimizə verdiyi yüksək dəyərin göstəricisidir.
Cənab Prezidentin zabit və əsgərlərimizlə səmimi görüşü, onların xidmətlərinə verdiyi yüksək qiymət ordumuzun şəxsi heyətində, xüsusilə gənc nəslin nümayəndələrində vətənpərvərlik ruhunun daha da yüksəlməsinə xidmət edir. Bu, həm də gələcək nəsillərə Vətənə sədaqət, torpağa bağlılıq və dövlətçilik ənənələrinin aşılanması baxımından mühüm mesajdır.
Əminəm ki, Vətən uğrunda göstərilən qəhrəmanlıqlar heç vaxt unudulmayacaq. Torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən hər bir hərbçimizin xidmətləri xalqımızın yaddaşında daim yaşayacaq. Vətənə xidmət etmiş qəhrəmanlarımıza diqqət və qayğının davam etdirilməsi isə dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm mənəvi vəzifələrdəndir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə