“Azərbaycançılıq milli varlığımızın, müstəqilliyimizin və gələcəyimizin mənəvi təminatıdır” - MİLLƏT VƏKİLİ
“Azərbaycanın gücü təkcə onun siyasi, iqtisadi və hərbi qüdrətində deyil, həm də əsrlər boyu formalaşmış zəngin milli-mənəvi dəyərlərində, müxtəlif xalqları və dinləri vahid Vətən sevgisi ətrafında birləşdirmək bacarığındadır. Azərbaycançılıq məfkurəsi məhz bu birliyin ideoloji təməli, milli həmrəyliyimizin və dövlətçilik fəlsəfəmizin əsas sütunudur”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub:
“ Lakin ölkəmizin ən böyük uğuru bu müxtəlifliyi qarşıdurma deyil, milli zənginlik mənbəyinə çevirməsidir. Azərbaycanda yaşayan hər bir xalqın, hər bir etnik və dini icmanın nümayəndəsi özünü bu dövlətin ayrılmaz hissəsi hesab edir. Çünki bizi birləşdirən yalnız eyni coğrafiyada yaşamağımız deyil, ortaq tariximiz, dövlətimizə sədaqətimiz və Azərbaycan adlı Vətənə bağlılığımızdır.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Azərbaycançılıq ideologiyasının xüsusi yer tutması təsadüfi deyildi. Ulu Öndər çox yaxşı bilirdi ki, güclü dövlətin təməlində güclü milli birlik dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi və mənəvi xətt uğurla davam etdirilir. Ölkəmizdə multikulturalizm və tolerantlıq sadəcə siyasi bəyanat deyil, cəmiyyətimizin gündəlik həyat tərzidir.
44 günlük Vətən müharibəsi isə Azərbaycançılıq məfkurəsinin nə qədər böyük birləşdirici gücə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Müxtəlif etnik mənsubiyyətə və dini inanclara sahib Azərbaycan övladları eyni bayraq altında, eyni amal uğrunda çiyin-çiyinə döyüşdülər. Şəhidlərimizin qanı ilə yazılan Zəfər bir daha sübut etdi ki, Azərbaycan xalqının birliyi onun ən böyük strateji sərvətidir.
Bu gün dünyada etnik və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə Azərbaycan fərqli bir nümunə ortaya qoyur. Bizim dövlətçilik modelimizdə müxtəliflik ayrılıq deyil, birlik yaradır. Azərbaycanda insanları birləşdirən əsas meyar onların etnik mənsubiyyəti və dini inancı deyil, vətəndaşlıq şüuru, dövlətə sədaqəti və ortaq milli maraqlarıdır.
Azərbaycançılıq bizim üçün sadəcə ideologiya deyil, milli varlığımızın, dövlət müstəqilliyimizin və gələcəyimizin mənəvi təminatıdır. Bizim gücümüz ondadır ki, fərqli köklərdən gəlsək də, eyni Vətənin övladlarıyıq. Azərbaycan hamımızın ortaq evidir və bu evin ən möhkəm dayağı milli birliyimizdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB