“Kəlbəcər Peşə Təhsili Kompleksində bir neçə təhsil pilləsi birləşdiriləcək” - KƏNAN KƏRİMZADƏ

“Kəlbəcər Peşə Təhsili Kompleksində bir neçə təhsil pilləsi birləşdiriləcək” - KƏNAN KƏRİMZADƏ

Qarabağ və Şərqi Zəngəzurda təhsil infrastrukturunun qurulması Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biridir. Hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində olan ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə ümumilikdə 6 min şagird ümumi təhsil, təxminən 600 uşaq isə məktəbəqədər təhsil alır.

SİA xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

Nazir müavini qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yeni təhsil müəssisələrinin tikintisi və quruculuğu davam etdirilir. Ağdam, Ağdərə, Xocalı, Kəlbəcər, Xankəndi və Xocavənddə yeni təhsil müəssisələrinin inşası nəzərdə tutulur. 2027-ci ildə Kəlbəcər Peşə Təhsili Kompleksində bir neçə təhsil pilləsinin vahid kompleksdə birləşdirilməsi planlaşdırılır.

Kənan Kərimzadə Qarabağ Universitetinin fəaliyyətinə də toxunub. Bildirib ki, hazırda universitetdə 9 fakültə üzrə 3324 tələbə təhsil alır, 548 əməkdaş çalışır. 2027-ci ildə mühəndislik fakültəsinin binasının açılışı nəzərdə tutulur. Bununla yanaşı, universitetdə Kitabxana və İnnovasiya Mərkəzinin yaradılması istiqamətində işlər aparılır.

Onun sözlərinə görə, bu il Qarabağ Universitetinə qəbul nəticələri də sevindiricidir. Belə ki, 1200-dən çox gənc universiteti seçib, onların 50 faizindən çoxu 500-dən artıq bal toplayıb. Bu göstərici ali təhsil müəssisəsinin gənclər üçün cəlbediciliyinin artdığını nümayiş etdirir.

Nazir müavini peşə təhsilinin inkişafı istiqamətində görülən işlərdən də danışıb. Qeyd edib ki, 2020-ci ildə peşə təhsilinə qəbul olunanların sayı 14,8 min nəfər olduğu halda, bu il həmin göstərici 28 min nəfərə çatıb. Qəbul zamanı qadınların payı da artaraq 30 faizdən 42 faizə yüksəlib. 2027–2030-cu illərdə 23 yeni peşə təhsili müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

Kənan Kərimzadə ali təhsilin əlçatanlığının genişləndirilməsi istiqamətində əldə olunan nəticələri də diqqətə çatdırıb. Bildirib ki, 2026–2027-ci tədris ilində ali təhsilə qəbul olunanların sayı 78 min nəfərə çatıb. Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu təxminən 80 faiz artıb, dövlət sifarişi əsasında qəbul olunanların sayı isə 2,5 dəfə çoxalıb. İndiyədək 97 mindən çox şəxs Təhsil Tələbə Krediti Fondundan yararlanıb.

O əlavə edib ki, xaricdə təhsil proqramı çərçivəsində indiyədək 2320 nəfər təhsil almaq hüququ qazanıb. Bu il qəbul olunan 496 gəncin 153-ü dünyanın nüfuzlu universitetlərinin ilk onluğunda yer alan ali təhsil müəssisələrinə qəbul olunub.

Nazir müavini Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdığını da vurğulayıb. Onun sözlərinə görə, 2022-ci ildə iki universitet beynəlxalq reytinqlərdə təmsil olunduğu halda, 2026-cı ildə üç universitet dünyanın ilk 800-lüyünə, yeddi universitet isə ilk 1000-liyinə daxil olub.

Kənan Kərimzadə bildirib ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı da artmaqdadır. 2018–2019-cu tədris ilində 86 ölkədən 6 min əcnəbi tələbə ölkəmizdə təhsil aldığı halda, hazırda 120 ölkəni təmsil edən 11,5 min tələbə Azərbaycana üstünlük verir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə