“Multikulturalizm siyasəti Azərbaycan cəmiyyətində mühüm hadisələrə yol açıb” - MİLLƏT VƏKİLİ

“Multikulturalizm siyasəti Azərbaycan cəmiyyətində mühüm hadisələrə yol açıb” - MİLLƏT VƏKİLİ

“Azərbaycan müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların nümayəndələri əsrlər boyu mehriban qonşuluq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayır”.

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, burada fərqli dillər, adət-ənənələr və dini inanclar bir-birinə qarşı deyil, vahid cəmiyyətin zənginliyini tamamlayan mənəvi sərvət kimi qəbul olunur:

”Bütün bu müxtəlifliyi vahid ideya ətrafında birləşdirən, insanları ortaq Vətən və dövlətçilik mənafeyi naminə səfərbər edən əsas fəlsəfə isə Azərbaycançılıq məfkurəsidir. Bu, hər bir vətəndaşın etnik mənsubiyyətindən, dilindən, dini etiqadından asılı olmayaraq özünü bu ölkənin ayrılmaz parçası hesab etməsini təmin edən ümummilli ideyadır.
Bu ideologiyanın gücü ondadır ki, o, insanları eyniləşdirməyə deyil, fərqlilikləri qoruyaraq birləşdirməyə xidmət edir. Çünki milli birlik ortaq dəyərlərə, qarşılıqlı etimada, hüquq bərabərliyinə və vahid Vətən sevgisinə əsaslanır.
Azərbaycanın tarixən formalaşmış tolerantlıq ənənələri bu fəlsəfənin mühüm dayaqlarındandır. Ölkəmizdə müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının nümayəndələri də yaşayır, öz dini mərasimlərini keçirir, ibadət yerlərini qoruyub saxlayırlar. Bu müxtəliflik Azərbaycan cəmiyyətinin mənəvi zənginliyidir. Ən mühüm məqam isə budur ki, bütün bu insanlar üçün Azərbaycan ortaq Vətən, dövlətçilik isə ortaq məsuliyyətdir.
Azərbaycançılıq məfkurəsinin formalaşması və dövlət ideologiyası səviyyəsində möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər milli birlik və həmrəyliyi müstəqil Azərbaycanın inkişafının əsas şərtlərindən biri hesab edirdi. Onun müəyyənləşdirdiyi siyasi xəttdə Azərbaycan vətəndaşlarının vahid ideya ətrafında birləşməsi, milli və dini müxtəlifliyin qorunması, dövlətə və Vətənə bağlılığın gücləndirilməsi xüsusi yer tuturdu.
Bu ideoloji xəttin əsas mahiyyəti ondan ibarətdir ki, hər bir insan öz milli və dini kimliyini qorumaqla yanaşı, Azərbaycan dövlətinin bərabərhüquqlu vətəndaşı kimi cəmiyyətin inkişafına töhfə verməlidir. Beləliklə, Azərbaycançılıq ayrı-ayrı etnik və dini kimlikləri vahid milli kimlik daxilində qarşılaşdırmadan birləşdirən ümummilli platformaya çevrilir.
Müasir dövrdə etnik və dini zəmində qarşıdurmaların, ayrı-seçkiliyin və dözümsüzlüyün artdığı bir vaxtda Azərbaycan cəmiyyətinin birliyinin qorunması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycançılıq məfkurəsi həm də ictimai sabitliyin, qarşılıqlı etimadın və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən mühüm mənəvi dayaqlardan biridir.
Cənab Prezidentin də bəyan etdiyi kimi, “Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox, körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də mühüm hadisələrə gətirib çıxardı.”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə