“Zəfər salnaməsi Şuşadan Xankəndiyə uzanan tarixi yolu əks etdirir” -DEPUTAT DANIŞDI

“Zəfər salnaməsi Şuşadan Xankəndiyə uzanan tarixi yolu əks etdirir” -DEPUTAT DANIŞDI

“Azərbaycanın müasir tarixində 8 Noyabr -Zəfər Günü yalnız hərbi qələbənin təntənəsi deyil, həm də milli iradənin, dövlətçilik əzminin və xalqın sarsılmaz birliyinin təcəssümüdür. Bu Zəfər uzun illər davam edən işğala son qoymaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan tarixi yolun başlanğıcını və əsas mərhələlərini müəyyənləşdirdi”.
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün Xankəndidən Şuşaya, Cəbrayıldan Zəngilana qədər azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımız xalqımızın qürurunun və dövlətimizin gücünün rəmzinə çevrilib:

“Prezident İlham Əliyevin Zəfər Günündə Xankəndidə, şanlı qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə xalqa müraciət etməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Vaxtilə işğalın, separatizmin və Azərbaycanın dövlət suverenliyinə qarşı yönəlmiş iddiaların mərkəzi olan Xankəndi bu gün müstəqil Azərbaycan dövlətinin gücünü, qətiyyətini və tarixi ədalətin bərpasını nümayiş etdirir. Dövlət başçısının məhz bu şəhərdən xalqa səslənməsi həm keçmişə verilən tarixi cavab, həm də gələcəyə ünvanlanan mühüm mesajdır.

Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida!” bəyanatı xalqın yaddaşına həkk olunmuş siyasi iradə nümunəsidir. Bu ifadə sadəcə bir şüar deyil, Azərbaycanın öz tarixi torpaqlarına sahib çıxmaq əzminin, suveren hüquqlarından heç bir halda imtina etməyəcəyinin qəti bəyanı idi. 2023-cü il sentyabrın 20-də antiterror tədbirləri nəticəsində Xankəndidə Azərbaycan dövlət suverenliyinin tam bərpa olunması həmin bəyanatın tarixi və siyasi baxımdan gerçəkləşməsi kimi qiymətləndirilə bilər. Beləliklə, vaxtilə səslənən nida işarəsi Azərbaycanın suverenliyinin bərpası ilə öz tarixi məzmununu tamamladı.

Zəfərin mahiyyəti yalnız döyüş meydanında qazanılmış uğurlarla məhdudlaşmır. Vaxtilə separatçıların yerləşdiyi və təcavüzün simvollarından birinə çevrilmiş keçmiş icra hakimiyyəti binasında Zəfər Muzeyinin yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin həmin binaya 2023-cü ilin oktyabrında səfəri zamanı pəncərələri açaraq oradakı “şeytan ruhunun” çəkilməsini istədiyini bildirməsi yadda qalan məqamlardandır. Bu gün həmin binanın Zəfər Muzeyinə çevrilməsi tarixi məkanların mahiyyətinin necə dəyişdiyini göstərir: dünən separatizmin qərargahı olan bir ünvan sabah milli yaddaşın, qəhrəmanlığın və dövlətçilik tarixinin qorunduğu məkana çevriləcək. Azərbaycan tarixi yalnız keçmişi xatırlamaqla deyil, həmin keçmişin izlərini gələcəyin qürur mənbəyinə çevirməklə yazır.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində misilsiz qəhrəmanlıq salnaməsi kimi qalacaq. 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar nəticəsində 300-dən çox şəhər, qəsəbə və kənd döyüş meydanında işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin gedişinə və nəticəsinə həlledici təsir göstərdi. Mədəniyyət paytaxtımızın azad edilməsi hərbi baxımdan mühüm uğur olmaqla yanaşı, xalqımızın mənəvi ruhunun yüksəlişində də müstəsna rol oynadı. Şuşanın azadlığı ilə Azərbaycan bir daha sübut etdi ki, tarixindən, mədəniyyətindən və milli kimliyindən ayrı düşməyəcək.

Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra işğal altında qalan digər ərazilərin hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması Zəfər salnaməsinin növbəti mühüm mərhələsi oldu. Bu proses Azərbaycanın hərbi üstünlüyünün və siyasi iradəsinin nəticəsi idi. Müharibə dövründə Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhu, nizam-intizamı və peşəkarlığı qələbənin əsas göstəricilərindən biri kimi yadda qaldı. Ermənistan tərəfinin ordusunda fərarilik hallarının geniş miqyas alması ilə bağlı açıqlamaları da iki ölkənin hərbi-mənəvi vəziyyəti arasındakı fərqi ortaya qoyurdu. Azərbaycan əsgəri Vətən torpağını azad etmək əzmi ilə irəliləyərkən, xalqın dəstəyi və dövlətin qətiyyəti bu mübarizənin mənəvi dayağına çevrilmişdi.

Qələbəni şərtləndirən amillər sırasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti xüsusi yer tutur. İşğal illərində Azərbaycanın iqtisadi və hərbi potensialının gücləndirilməsi, sosial-iqtisadi inkişafın təmin edilməsi, beynəlxalq nüfuzunun artırılması və fəal diplomatiyanın həyata keçirilməsi Zəfərin möhkəm təməlini formalaşdırdı. Xarici qüvvələrin təzyiqlərinə baxmayaraq, dövlət başçısının prinsipial və güzəştsiz mövqeyi Azərbaycanın milli maraqlarının qorunmasında həlledici rol oynadı. Güclü ordu, müasir silah sistemləri, hərbi qulluqçuların peşəkarlığı, xalqın birliyi və milli həmrəylik bir araya gələrək qələbənin əsasını təşkil etdi. Bu mənada Zəfər təsadüfi hadisə deyil, illərlə aparılan dövlət quruculuğunun, strateji planlaşdırmanın və milli səfərbərliyin məntiqi nəticəsi idi.

2023-cü il sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan birgünlük antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Bu hadisə 2020-ci ildə qazanılmış hərbi qələbənin siyasi və hüquqi baxımdan tamamlanması istiqamətində mühüm mərhələ oldu. Uzun illər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyuldu. Vaxtilə özlərini qanundan və ədalətdən üstün hesab edən hərbi cinayətkarların bu gün Azərbaycan məhkəməsi qarşısında cavab verməsi isə hüququn aliliyinin və dövlət suverenliyinin təzahürüdür. Beləliklə, Azərbaycan yalnız torpaqlarını azad etmədi, həm də öz ərazisində konstitusiya quruluşunu bərpa etdi.

Azərbaycanın gücünün mühüm qaynaqlarından biri də milli-mənəvi dəyərlərə söykənən azərbaycançılıq məfkurəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ideologiya müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrini vahid dövlətçilik ideyası ətrafında birləşdirən mühüm mənəvi platformadır. Azərbaycançılıq yalnız milli kimliyin ifadəsi deyil, həm də dövlətə sədaqətin, vətəndaş həmrəyliyinin və ortaq gələcək naminə birliyin ideoloji təməlidir. Məhz bu düşüncə tərzi Azərbaycanın mürəkkəb siyasi, iqtisadi, hərbi və humanitar sınaqlardan keçərək öz müstəqilliyini qorumasına, xalqın vahid amal ətrafında səfərbər olunmasına mühüm töhfə verib. Zəfər də bir daha göstərdi ki, milli birlik dövlətin ən böyük strateji gücüdür.

Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan müstəqil qərarlar qəbul edən, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirmək, Böyük Qayıdış prosesini uğurla həyata keçirmək və ölkənin inkişaf potensialını daha da artırmaqdır. Əsas məqsəd elə güclü, dayanıqlı və nüfuzlu dövlət qurmaqdır ki, heç bir qüvvə Azərbaycanın təhlükəsizliyinə, suverenliyinə və milli maraqlarına zərər vurmaq niyyətinə düşməsin. Zəfər bir tarixdir, lakin onun yaratdığı məsuliyyət bu gün də davam edir. Şuşada, Xankəndidə və Qarabağın hər bir guşəsində dalğalanan bayrağımız isə gələcək nəsillərə bir həqiqəti xatırladır: birlik olan yerdə iradə, iradə olan yerdə qələbə var”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə