Bakı Divali bayramının ruhu ilə işıqlandı: Hindistan səfirliyi İşıqlar bayramını böyük təntənə ilə qeyd etdi
Hindistanın Azərbaycandakı Səfirliyi 7 noyabr 2026-cı il tarixində ilk dəfə olaraq Səfirlik ərazisində Divali bayramını böyük təntənə ilə qeyd edib. Sosial mediada artıq xeyli marağa səbəb olmuş tədbirə hava şəraitinin buludlu olmasına baxmayaraq, çoxsaylı qonaqlar qatılıb və bayram sevincini bölüşmək üçün səfirliyin ərazisinə axın ediblər.
SİA xəbər verir ki, tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi, Azərbaycanda akkreditə olunmuş müxtəlif ölkələrin səfirləri, diplomatik korpusun üzvləri, biznes qruplarının rəhbərləri, turizm və səyahət agentliklərinin nümayəndələri, aparıcı media qurumlarının təmsilçiləri, sosial media fenomenləri və Azərbaycanda yaşayan Hindistan diasporunun üzvləri də daxil olmaqla, bir sıra görkəmli qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində Hindistanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Abhay Kumar hörmətli qonaqlarla birlikdə sülh, rifah və firavanlıq diləklərinin ifadəsi olaraq, xoşbəxtlik və bərəkət rəmzi olan Mahalakşmi mantrasının müşayiəti ilə ənənəvi çırağı yandırıb.
Daha sonra tədbir iştirakçılarına müraciət edən səfir Abhay Kumar qonaqların böyük maraq və fəallıqla iştirakından məmnunluğunu ifadə edib və Hindistanın bu əziz bayramını səfirliklə birlikdə qeyd etdiklərinə görə hər kəsə təşəkkürünü bildirib. O vurğulayıb ki, Hindistanda bayramlar ən gözəl şəkildə ailə üzvləri və dostlarla birlikdə qeyd olunur və məhz bu ənənəyə sadiq qalaraq, səfirlik bayram şənliyinin qapılarını hər kəsin üzünə açıb.
Divali bayramının mədəni və mənəvi əhəmiyyətindən bəhs edən səfir, 14 illik sürgündən sonra Tanrı Rama və ilahə Sitanın Ayodhyaya sevinc dolu qayıdışını xatırladıb. Həmin vaxt xalq onları evlərini gil çıraqlardan ibarət sıralarla işıqlandıraraq qarşılamışdı.
O qeyd edib ki, Divali qaranlıq üzərində işığın, cəhalət üzərində biliyin, şər üzərində xeyirin əbədi qələbəsini təcəssüm etdirir. Bu bayramın sadəcə bir bayramdan daha artıq məna daşıdığını vurğulayan səfir onun ümid, harmoniya, yenilənmə və birlik kimi ümumbəşəri mesajını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, ən kiçik bir işıq belə ən dərin qaranlığı dağıtmağa qadirdir. Səfir bu cür tədbirlərin Hindistan və Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcəyinə ümidvar olduğunu bildirib.
Axşam saatları Hindistan rəqs və musiqi sənətinin zənginliyini nümayiş etdirən rəngarəng mədəni proqramla daha da canlanıb. Yerli sənətçilərin və Hindistan mədəniyyət icmasının üzvlərinin ifasında Bollivud musiqiləri, rəqs nömrələri və ilahi məzmunlu bhajanlar tamaşaçıları valeh edib, gurultulu alqışlar və coşqulu sevinc nidaları ilə qarşılanıb. Bayram ab-havası o qədər təsirli olub ki, bir çox qonaq da ifaçılara qoşularaq onlarla birlikdə bayram sevincini yaşayıb.
Bayram şənliyinə Hindistan mətbəxinin ləziz təamlarından ibarət zəngin süfrə də xüsusi rəng qatıb. Qonaqlar Hindistanın müxtəlif bölgələrinə xas dadları və kulinariya ənənələrini kəşf etmək imkanı əldə ediblər. Xüsusilə ənənəvi hind şirniyyatları və duzlu qəlyanaltılar böyük rəğbətlə qarşılanıb. Rəngarəng işıqlandırma və bayram dekorasiyaları isə səfirliyin ərazisini əsl Divali bayramı məkanına çevirib.
Tədbir iştirakçılarından biri olan Mehriban xanım öz təəssüratlarını bölüşərək Divali bayramında ilk dəfə iştirak etdiyini bildirib. O, müxtəlif mənşəli insanların bu bayramın ab-havasını yaşamasına imkan yaradan, hər kəs üçün açıq formatda təşkil olunmuş tədbirə görə səfirliyə təşəkkür edib. Mehriban xanım xüsusilə gözəl işıqlandırma tərtibatını yüksək qiymətləndirərək bunun bayramın füsunkarlığını daha da artırdığını qeyd edib.
Digər qonaq Fərman bəy isə Azərbaycanda Hindistan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaratdığına görə səfirliyə minnətdarlığını bildirib. O, tədbirdə təqdim olunan hind yeməklərindən və şirniyyatlarından xüsusi zövq aldığını qeyd edib, həmçinin Hindistana səfər edərək ölkənin rəngarəng bayramlarını və zəngin mədəni ənənələrini öz gözləri ilə görmək arzusunda olduğunu ifadə edib.
Bayram tədbiri diplomatik ictimaiyyəti, azərbaycanlı dostları və Hindistan diasporunu səmimi dostluq və mehribanlıq mühitində bir araya gətirərək mədəni mübadilə və xalqlararası əlaqələrin inkişafı üçün gözəl platforma yaradıb. Qonaqların yüksək fəallığı və tədbirə göstərdikləri maraq Azərbaycanda Hindistanın zəngin mədəni irsinə artan diqqətin bariz göstəricisi olub.
Səfirliyin inzibati binasının ərazisində ilk dəfə təşkil olunan Divali bayramı yadda qalan anlarla başa çatıb.
Tədbir özündə işıq, xoşbəxtlik və xoşməramlılıq yaymaq kimi bayramın əbədi mesajını daşıyıb. Hindistan Səfirliyi bu cür təşəbbüslər vasitəsilə Hindistan və Azərbaycan xalqları arasında mədəni əlaqələrin inkisaf etdirilməsinə və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə sadiq qalacağını bir daha bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB