Ev təsərrüfatlarının uçotunun rəqəmsallaşdırılması nəyi dəyişəcək? - İQTİSADÇI DANIŞDI

Ev təsərrüfatlarının uçotunun rəqəmsallaşdırılması nəyi dəyişəcək? - İQTİSADÇI DANIŞDI

"Uçotun aparılması ilə bağlı sosial şəbəkələrdə müzakirə olunduğu kimi hər hansı narahatlığa və ya təşvişə ehtiyac yoxdur. Belə ki, əvvəlki illərdə də bu proses sadəcə kağız üzərində aparılırdı. Mətbuatda isə yalnız müəyyən məlumatlar açıqlanırdı. Məsələn, ölkə xaricinə miqrasiya edənlərin, ölkəmizdə daimi və ya müvəqqəti yaşayan şəxslərin, şəhər və kəndlərdəki əhalinin sayı və bu kimi məlumatlar ictimaiyyətə təqdim olunurdu".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, yeni qaydaya əsasən, sorğunun elektron sistemdə qeydiyyata alınması vətəndaşlarda müəyyən narahatlıq yaradır:

"Sosial şəbəkələrdəki müzakirələrdən görünür ki, vətəndaşlar onların mal-qarasının sayına, hər hansı əmlakına görə vergi tətbiq ediləcəyindən, yaxud evlərindəki elektron əşyaların sayına və ya qiymətinə əsasən müəyyən tədbirlərin görüləcəyindən ehtiyat edirlər.

Əgər şəxsin gəlirləri leqaldırsa və o, gəlirlərinə uyğun olaraq müvafiq ödənişləri edirsə, narahatlıq üçün heç bir əsas yoxdur.

Kənd təsərrüfatının uçota alınmasına və bunun gələcəkdə qəbul edilə biləcək qərarlara təsirinə gəlincə, kənd təsərrüfatı vergidən azaddır. Lakin bu güzəşt yalnız kənd təsərrüfatı fəaliyyəti şəxsi istifadə üçün nəzərdə tutulduqda keçərlidir. Şəxs hər hansı məhsulun satışını həyata keçirirsə, sosial-iqtisadi ədalət prinsipi naminə əldə etdiyi gəlirə uyğun vergi ödəməlidir.

Şəhər əhalisinin narahatlığına gəlincə, burada sadəcə qeydiyyat aparılacaq. Məsələn, vətəndaşdan əməkhaqqının sistemdə 500 manat, ailəsinin aylıq ümumi gəlirinin 1200 manat, evindəki hər hansı əşyanın qiymətinin 8000 manat və ya idarə etdiyi avtomobilin dəyərinin 40 min manat olması barədə sorğu-sual edilməyəcək.

Əslində, sosial-iqtisadi ədalətin təmin olunması naminə bu yoxlamaların daha fərqli qaydada aparılmasını təklif edirəm. Məsələn, bütün gəlir və xərclər, eləcə də əmlak və digər maddi sərvətlər qarşılaşdırıla bilər.

Tutaq ki, şəxs minimum əməkhaqqı ilə çalışır və ya ümumiyyətlə işləmir. Sadəcə sosial yardım almaq üçün hər hansı iş yerində qeydiyyata düşür və ya formal olaraq VÖEN açaraq az miqdarda vergi ödəyir. Həmin məbləği investisiya edir, məhsul satır, lakin əldə etdiyi gəlirə görə vergi ödəmir. Nəticədə vətəndaşlar arasında narazılıq və sosial-iqtisadi baxımdan ədalətsizlik yaranır.

Əgər minimum əməkhaqqı ilə çalışan vətəndaşdan vergi tutulursa, müəyyən şərtləri ödəyə bilmədiyi üçün o, sosial yardım ala bilmirsə, digər şəxslərlə müqayisədə ədalətsizlik yaranmış olur.

Buna görə də təklif edirəm ki, bu sistem bir qədər təkmilləşdirilsin. Hətta sistemin təkmilləşdirilməsi gələcəkdə pensiya sisteminin inkişafına, eləcə də çirkli pulların müəyyən edilərək dövriyyədən çıxarılmasına şərait yarada bilər.

Qeyd etmək lazımdır ki, ölkədə sahəsinə görə ən böyük paya malik torpaq kateqoriyalarından biri kənd təsərrüfatı təyinatlı torpaqlardır. Onların əhəmiyyətli hissəsi isə istifadə olunmur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə