Qarabağın azadlığı arzusunu qızının adında yaşadan igid Ruslan!

Qarabağın azadlığı arzusunu qızının adında yaşadan igid Ruslan!

Ruslan şərəf yoluna çıxanda əmin idi ki, Cəmi Azərbaycan kimi ata və anasının, digər ailə üzlərinin də yaşadıqları Şuşa dərdini, işğal acısını, təcavüz ləkəsini, milli ləyaqət həsrətini gələcək nəsillər yaşamayacaqlar. Bu əminliyin digər bir üzü Arzu idi. İgidin ruhunda bu əminlik və o, Arzu olmasa O, igid Ruslan kimi ürəkləri fəth edə bilməz, qəlblərdə əbədi həyat qazana bilməzdi. O, özü ağırlıqda silah və sursat yükü ilə sıldırım qayalardan Şuşaya dırmaşıb mübarək qədəmlərini inci şəhərin müqəddəs topağına basanda Arzu edirdi ki, gül qızı Arzunun timsalında Azərbaycan xalqının Şuşa yolu hamarlaşsın, Xankəndi səmasının ulduzlar milli varlığımıza mayaq olsun, xalqımız bir daha Xocalı soyqırımı kimi acılar yaşamasın...

Azərbaycan xalqının qəhrəman övladlarından - Bayramov Ruslan Azər oğlunu şəhadət günündə böyük hörmət və izzətlə xatırlayırıq.
1996 - cı il oktyabrın 5-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan gözəl Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olan Ruslan ilk təhsilini də məhz doğulduğu kənd tam orta məktəbində almışdır.

Hələ uşaqlıq illərindən özünəməxsus xarakteri, cəsarəti və fəallığı ilə seçilən bu igid lap kiçik yaşlarından idmana maraq göstərmiş, yaşa dolduqca taekvondo ilə məşğul olmuş və müxtəlif yarışlarda iştirak etmiş və uğurlu nəticələr qazanmışdı. Bütün bu nadir xüsusiyyətlər Ruslanın hərbiçi olmaq yolunun başlanğıcı sayıla bilər!

Ruslan şərəfli hərb yolunu seçəndə Azərbaycan ərazisinin iyirmi faizi işğal altında idi. Heç şübhəsiz ki, Onu hərb sənətinə, eləcə də Azərbaycan Ordusu sıralarına daxil olmağa, Xüsusi Təyinatlı Qüvvələrimizdə kəşfiyyatçısı kimi xidmətə də məhz bu amil cəlb edirdi. Milli ləyaqətimizi bərpa etmək Ruslan və onun timsalında igid övladlarımızın, bütün vətəndar və vətənkeş qəhrəmanların ümdə arzusu olub. Lakin Vətənin bütövlüyü Arzusu Ruslan üçün sadəcə bir istək deyildi, bu ad onun qəlbində həm də övlad məhəbbəti bəsləyirdi.

Əsrarəngiz Qubada həyata göz açmaq və formalaşmaq, sərt qayaları, zirvəli dağları ilə düşmənə göz dağ çəkən Naxçıvanda xidmət etmək Ruslanın hərb sırasında daha da mətinləşməsinə öz təsirini göstərmişdir. Xidməti dövrünün əksər vaxtlarında dağlarda keçirən Ruslanın 2020-ci ildə onun övladı dünyaya gəlir. Çiçək ətirli, gül çöhrəli qızının adını Arzu qoyan igidimiz həmin dövrdə məhz pandemiya səbəbindən onu görə bilməmişdir. Arzu!!! Zərrə qədər də şübhə ola bilməz ki, İgid Ruslan Gül Qızına Arzu adını verməklə Qarabağın zalım düşməndən azadlığa qovuşmasını Arzu etmişdir!!!

Vətən müharibəsi başlandığı andan Ruslan könüllü olaraq dəfələrlə müharibəyə yollanmaq üçün müraciət etmişdir. Sonda onun müraciətinə baxılmış və oktyabr ayının 11-i, Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində cəbhəyə qatılmış, mübarək yolda ilk şərəf addımlarını atmışdır.
Ruslanın ailəsi ilə son danışığı 23 oktyabrda olmuşdur. Bu danışıqda onun səsinin alqoritmləri İlahi bir hökmlə dillər əzbərimiz olan Zəfər nəğməsinə çevrilib bütün türk dünyasına, sülhsevər bəşəriyyətə yayılıb. Ruslan şərəf yoluna çıxanda özü ilə iki ədəd bayraq götürmüş, birini Şuşaya sancacağını demişdir. Özünə cəbhə arxadaşı seçdiyi bir bayrağı Xocavənddə dalğalandırmışdır. Xocavənd uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə elə döyüşdəcə ona baş leytenant rütbəsi verilmişdir. Döyüşlərin birində komandiri ağır yaralandığı üçün komandirlik Ruslana həvalə olunur. Noyabr ayının 8-i Şuşa uğrunda gedən şərəf döyüşlərində namərd düşmənin snayper gülləsinə tuş gələrək şəhadətə yüksəlmişdir. Noyabr ayının 14-ü doğulub, boya-başa çatdığı Əlibəyqışlaq kəndində torpağa tapşırılmışdır.

Əzəmətli cəbhə yolu keçən Ruslan düşmənin 100-ə yaxın canlı qüvvəsini təkbaşına məhv etmiş, 63 texnikasını, böyük miqdarda silah və sursatını məhv edərək misilsiz şücaət göstərmişdir.

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunması uğrunda”, “Xocavəndin azad olunması uğrunda” , ”Şuşanın azad olunması uğrunda” medalları, “Vətənə Xidmətə görə” III dərəcəli ordeni ilə təltif edilən qəhrəmanımız Şuşaya Xocavənd, Füzuli, Hadrut, Laçın dəhlizi kimi ərazilərdə, bir sıra digər yüksəkliklərdə döyüşərək çatıb.

Şəhidimiz Azər və Aygün Bayramovlar ocağında dünyaya gələn Vətən üçün formalaşıb. Bu şəhadətin şöləsi isə Bayramovlar yurdunda əbədiyyətə qədər ümmətimizə və millətimizə şərəf bəxş edəcək sönməz bir çıraq şölələndirib. Valideynləri, həyat yoldaşı İlahə xanım, Ziyad qardaşı ilə Aygün bacısı qədər Ruslansızlıq acısını heç kəs yaşaya bilməz. Lakin özü və Allahından başqa heç kəs onun iç dünyasını oxuya bilməzdi. Digər qəhrəman hərbçilərimiz kimi Ruslanın da bütün ömrü Şuşasızlıq dərdi ilə alışmışdı. Bəli, məhz bütün ömrü! Çünki Qəhrəmanlar Vətən dərdini ana bətnindən duyaraq igidlik yolunu seçərlər.

Ortada isə iki təskinlik var: Ruslanı için-için alovlandıran işğala son qoyulub. Bu təcavüzü bitirmək üçün son damla qanını axıtmağa hər an hazır olan Ruslanın daha bir arzusu ailədə böyüyür. Bu atasının bütün arzularının ruhunda və cismində daşıyan Gül Arzudur. Xəyalların, Arzu və istəklərin çin olsun Qəhrəman!!! Amin ya -Rəbbim, Amin.

Həyat yoldaşının xatirələrindən: “Burda (şəkillərin arasında) tiftiklənən tayı özü ilə müharibəyə apardığı corabdır. Mən paltarlarını Naxçıvana poçtla göndərəndə kurtkasının cibinə uşağın köynəyini corablarını və öz şərfimi qoymuşdum. Çünki Ruslan hələ də Arzunu gəlib görə bilməmişdi, elə hey deyirdi ki kaş onun ətrini duya bilsəydim. Mən də ona kiçik sürpriz etməyə çalışdım. Sonrada, O, şəhid olduqdan sonra dostu Naxçıvandakı evdəki əşyaları yığıb göndərmişdi. Əşyalarını açanda gördüm ki corabın bir tayı yoxdur. Fikirləşdim yəqin ki, əşyaları yığanda unudulub, yaxud yerə düşürüb, filan.

Aylar sonra Onunla birgə döyüşmüş cəbhədaşı bizə gəldi, corabı və Ruslanın bıçağını verib dedi ki Ruslan müharibədə fasilələr zamanı cibindən corabı çıxardıb oynadıb, tumarlayıb əzizləyirdi. Elə hey deyirdi ki, Allahdan bir arzum var qızımı görə bilim...”

Məkanın Cənnətdə qorunsun İgid. Birnəfəsə qələmə aldığım bu sətirləri ekrana köçürənədək keçirdiyim hisləri təsvir etməkdə söz aciz, cümlə iflic, fikir qırıqdır...

Şəhidlər ölməz, Vətən bölünməz!

P.S. Hörmətli oxucular 44 günlük Vətən müharibəsinin əzəməti olan Tarixi Zəfəri özündə ehtiva edən “Duman çəkiləndə” siyasi-tarixi romanını qələmə almaq nəsibim olduğu üçün böyük Yaradana misilsiz dərəcədə minnətdaram. Əsər hər biri özünə ləqəb seçən və hər biri fərqli strateji məntəqədə şəhid olan, yalnız dəstənin Tarix ləqəbli komandirinin sağ qaldığı 13 nəfərlik manqanın döyüş salnaməsi əsasında Azərbaycan xalqının kütləvi qəhrəmanlığını tam şəkildə əks etdirir. Türkiyədə türkcə nəşr olunan və Türkiyə Cümhurbaşkanlığında təqdimatı keçirilən bu romandan bir nüsxə də Arzu Ruslan qızı Bayramovya hədiyyə etmək şansımız oldu. “Duman çəkiləndə” romanında Qorxmaz ləqəbli qəhrəmanın döyüş günlərində öz körpəsinin corablarını misilsiz ata məhəbbəti ilə əzizlədiyini təsvir edilir. Bu təsvir sanki eynilə Qəhrəman Ruslanın övlad məhəbbətini izləyərək qələmə alınıb.

Tədqiqatçı-yazar Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə