“ABŞ və İsrail arasında strateji əməkdaşlığın yaxın gələcəkdə davam edəcəyi gözlənilir” -ŞƏRH EDİLDİ
“ABŞ və İsrail arasında strateji əməkdaşlıq beynəlxalq münasibətlər sistemində ən uzunömürlü və institusionallaşmış tərəfdaşlıqlardan biri hesab olunur”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız hərbi və təhlükəsizlik sahələri ilə məhdudlaşmır, eyni zamanda siyasi, iqtisadi, texnoloji və kəşfiyyat istiqamətlərini də əhatə edir:
” Son onilliklər ərzində Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklərə baxmayaraq, Vaşinqton və Təl-Əviv arasındakı əlaqələr regional təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri olaraq qalmaqdadır.
ABŞ üçün İsrail Yaxın Şərqdə etibarlı strateji tərəfdaş rolunu oynayır. Regionda İranın nüvə proqramı, radikal silahlı qrupların fəaliyyəti, enerji marşrutlarının təhlükəsizliyi və böyük güclər arasındakı rəqabət kimi amillər İsrailin əhəmiyyətini artırır. Digər tərəfdən, İsrail üçün ABŞ hərbi dəstək, diplomatik müdafiə və beynəlxalq arenada siyasi legitimlik baxımından əsas müttəfiqdir. ABŞ Konqresində və siyasi elitasında İsrailə dəstəyin uzun illər ərzində formalaşmış güclü institusional bazası mövcuddur ki, bu da münasibətlərin ayrı-ayrı administrasiyaların siyasətindən daha dayanıqlı xarakter daşıdığını göstərir.
Bununla belə, son illərdə münasibətlərin gələcəyi ilə bağlı müəyyən müzakirələr də aparılır. ABŞ cəmiyyətində və siyasi dairələrində Yaxın Şərq siyasətinə baxışlarda dəyişikliklər müşahidə olunur. Xüsusilə gənc seçicilər, bəzi demokrat siyasətçilər və insan hüquqları təşkilatları İsrailin Fələstin və ümumilikdə Yaxın Şərq siyasətini daha sərt tənqid etməyə başlayıblar. Qəzza ətrafında baş verən hərbi əməliyyatlar və humanitar problemlər, hazırda Livan istiqamətində İsrailin həyata keçirdiyi fəaliyyət Vaşinqtonun İsrailə qeyd-şərtsiz dəstəyinin gələcəkdə müəyyən müzakirələrə səbəb ola biləcəyini göstərir. Bununla yanaşı, ABŞ-ın strateji prioritetlərinin tədricən Asiya-Sakit okean regionuna yönəlməsi də Yaxın Şərqdəki siyasətin müəyyən transformasiyaya uğramasına təsir göstərir.
Lakin mövcud reallıq göstərir ki, yaxın və orta perspektivdə ABŞ-İsrail əməkdaşlığının zəifləməsi ehtimalı yüksək deyil. İran amili, regional təhlükəsizlik çağırışları, hərbi-texnoloji əməkdaşlıq, kəşfiyyat məlumatlarının mübadiləsi və iki ölkə arasında dərin siyasi əlaqələr bu tərəfdaşlığın davamlılığını təmin edən əsas faktorlardır. Yəni başqa sözlə iki ölkə arasında bəzi məsələlər üzrə fikir ayrılıqları və taktiki gərginliklər artsa da münasibətlərin mahiyyətcə qorunub saxlanılması davam edəcək.
Odur ki, ABŞ və İsrail arasında strateji əməkdaşlığın yaxın gələcəkdə davam edəcəyi gözlənilir. Münasibətlərin formatı zaman-zaman dəyişə, müəyyən mövzularda fikir ayrılıqları yarana bilər, lakin tərəfləri birləşdirən fundamental geosiyasi maraqlar və təhlükəsizlik ehtiyacları bu tərəfdaşlığın uzun müddət beynəlxalq siyasətin mühüm elementlərindən biri olaraq qalacağını göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB