Hesablama Palatasının strukturu dəyişir

Hesablama Palatasının strukturu dəyişir

Hesablama Palatasının strukturunun dəyişdirilməsi nəzərdə tutulur.

SİA bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə kollegiya qərarlarının icra vəziyyəti barədə məlumat verilib, bəzi qurumlar üzrə monitorinqin aparılması ilə bağlı təkliflər irəli sürülüb.

Sonra hüquqi aktlarda, o cümlədən Əmək Məcəlləsində həyata keçirilmiş dəyişikliklərin kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsində, habelə Hesablama Palatasının cari fəaliyyətində nəzərə alınması ilə bağlı təqdimatlar edilib.

Daha sonra Hesablama Palatasında həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub, dəyişikliklərin qurum qarşısında duran vəzifələrin icrasında önəmindən bəhs olunub. Müzakirələr zamanı kollegiya üzvləri və struktur bölmə rəhbərləri müvafiq fikir və təkliflər irəli sürüb.

Sədr qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətli icrası, o cümlədən nəzarət tədbirləri üzrə qurumların icra etmədiyi və qismən icra etdiyi tədbirlərin icrasının təmin olunması üçün fəaliyyətlərin sürətləndirməsi ilə bağlı kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə