ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə və əlaqəli yeraltı komplekslərinə yeni zərbələrin endirilməsi ehtimalını istisna etməyib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlama Pentaqonun ABŞ ordusunun arsenalında olan ən güclü qeyri-nüvə bombasının - “bütün bombaların anası” adlandırılan silahın tətbiqi imkanını nəzərdən keçirdiyinə dair məlumatlar fonunda verilib.
Tramp “Newsmax” telekanalına verdiyi müsahibədə İrana qarşı yeni hərbi əməliyyatların mümkünlüyünə toxunub.
ABŞ-nin “bütün bombaların anası” adlandırılan silahı noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra tətbiq edə biləcəyi barədə yayılan məlumatlara münasibət bildirən Tramp bunun nüvə silahı olmadığını vurğulayıb: “Axı “bütün bombaların anası” nüvə silahı deyil”.
Aparıcı Rob Finnerti dəqiqləşdirərək soruşub: “Yəni bu, taktiki nüvə silahı deyil?”.
“Xeyr, bu, ümumiyyətlə, nüvə silahı deyil. Sadəcə həddindən artıq güclü bombadır. O, kiçik nüvə bombasına bənzəyir. “Bütün bombaların anası” nəhəng bombadır, amma nüvə silahı deyil”, - ABŞ Prezidenti cavab verib.
Bununla belə, Tramp sözügedən bombanın tətbiqinə icazə verib-vermədiyini açıqlamayıb və mümkün zərbənin hədəfini də qeyd etməyib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB