"Məktəblərdə vahid geyim forması dünyanın müxtəlif ölkələrində tətbiq olunur" - ŞAİR DANIŞDI

"Məktəblərdə vahid geyim forması dünyanın müxtəlif ölkələrində tətbiq olunur" - ŞAİR DANIŞDI

"Məktəblərdə vahid geyim formasının tətbiqi yeni təcrübə deyil və dünyanın müxtəlif ölkələrində mövcuddur. Hələ bolşevik inqilabından əvvəl, çar Rusiyası dövründə rus-tatar məktəblərində xüsusi şagird geyimləri vardı. Bütün şagirdlər həmin geyimlərdən istifadə edirdilər. Bu gün də dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə məktəb və liseylərin özünəməxsus formaları var. Bəzi ölkələrdə geyim formaları məktəbdən-məktəbə fərqlənir, bəzilərində isə ölkə üzrə vahid forma tətbiq olunur. Yəni bu, yeni məsələ deyil və biz burada özümüzdən heç nə icad etmirik".

Bu fikirləri SİA-ya açıqlamasında “Azərbaycan müəllimi”nə Xalq şairi Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, məktəbdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Biri bahalı geyimlərlə öz zənginliyini nümayiş etdirə bilər, digəri isə ailəsinin imkanı daxilində, bəzən illərlə eyni geyimdən istifadə etməli olar. Belə fərqlər uşaqların qəlbini incidə və onların bir-birinə münasibətinə mənfi təsir göstərə bilər. Vahid məktəbli forması isə bu fərqləri aradan qaldıraraq uşaqların özlərini bərabər hiss etməsinə kömək edir. Onlar arasında qısqanclıq, inciklik və bir-birinə söz atmaq üçün səbəblər azalır, dostluq və qardaşlıq münasibətləri möhkəmlənir. Məncə, məktəbli formasının ən mühüm cəhətlərindən biri uşaqların psixoloji rahatlığını qorumasıdır:

"Azərbaycanda insanlar istədikləri kimi geyinirlər və dini inanclarını qoruyub saxlayırlar. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, müəyyən yaşa, məsələn, 15-16-17 yaşlarına çatdıqdan sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər. Məktəb dövründə isə onların eyni geyim formasından istifadə etməsi, geyim fərqlərinin olmaması və bir-birinə qarşı mehriban olması vacibdir. Buna görə də məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozmağı doğru hesab etmirəm.

Azərbaycanda dinə münasibət, məncə, çox yüksək səviyyədədir. Xalqımız sovet dövründə dinə qarşı qadağaların tətbiq edildiyi, məscidlərin dağıdıldığı mərhələlərdən keçsə də, öz inancını və əqidəsini qoruyub saxlayıb. Bundan sonra da qoruyub saxlayacaq.

Bizim cəmiyyətimizdə baş örtüyü həmişə olub. Analarımız, nənələrimiz kəlağayı örtüb, şal bağlayıblar. İnsanlar həm şəhərlərdə, həm də kəndlərdə öz ənənələrinə uyğun geyiniblər və bu, heç vaxt narahatlıq doğurmayıb".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə