İcazəsiz şəxsi məlumatların yayılmasının hüquqi məsuliyyəti nədir? -HÜQUQŞÜNAS DANIŞDI

İcazəsiz şəxsi məlumatların yayılmasının hüquqi məsuliyyəti nədir? -HÜQUQŞÜNAS DANIŞDI

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə şəxsi məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Şəxsi məlumatların yayılması fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla digər şəxslərin hər hansı başqa üsulla tanış olmasıdır”.

Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır:

“Həmin cinayət işləri üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılır. Bu halda zərərçəkmiş şəxs və ya onun nümayəndəsi prokurorluq orqanına müraciət edə bilər.
Şəxsi məlumatlarının yayılması şəxsin şərəf və ləyaqətinin alçalmasına, habelə işgüzar nüfuzuna xələl gəlməsinə səbəb olubsa, şəxs ona dəymiş zərərin maddi və mənəvi zərərin əvəzinin (təzminat) ödənilməsini təlb edə bilər. Bunun üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Habelə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxs mülki iddia qaldıraraq ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə görə, hər kəsin fikir və söz azadlığı vardır. Ancaq “Fikir və söz azadlığından” sui-istifadə edərək insanların təhqir edilməsi, onlara böhtan atılması cinayət məsuliyyətinə səbəb olur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 – ci maddəsində Böhtana , Həmin Məcəllənin 148 – ci maddəsi ilə isə Təhqirə görə məsuliyyəti nəzərdə tutur.
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə kütləvi informasiya vasitəsində başqasının şərəf və ləyaqətinin alçaldılmasına, şayiələr, yalan, qərəzli yazılar dərc olunmasına yol verilmir.
Həmin Qanunun 44-cü maddəsinə görə kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə