"Savadlı ana, gələcəyə savadlı övlad yetişdirir" - BƏYİMXANIM VERDİYEVA

"Savadlı ana, gələcəyə savadlı övlad yetişdirir" - BƏYİMXANIM VERDİYEVA

"Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dini inanclara hörmətlə yanaşılır. Dövlətimiz, xalqımız tolerant , multikultural dəyərlərə çox böyük hörmətlə yanaşır". Bu fikirləri SİA-ya açıqlamasında Xan Şuşinski Fondunun prezidenti, görkəmli muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva deyib.

Onun sözlərinə görə, tarixə nəzər saldıqda görürük ki əsrlər boyu Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri yaşayıb və yaşamaqdadır: "Biz bir xalq bir dövlət olaraq, hər xalqın, dilinə dininə, adət ənənələrinə hörmətlə yanaşmışıq. Azərbaycanda təhsil sistemi dünyəvi prinsiplərə əsaslanır. Məktəb elm, bilik məkanıdır. Yetişməkdə olan gənc nəsilin dünyagörüşünün genişlənməsi, müstəqil düşüncə və müasir biliklərə yiyələnməsi əsas prioritet olmalıdır.

Dünyəvilik qəti surətdə dinə qarşı mövqe deyildir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq məktəblərdə vahid formanın qəbul edilməsi məktəblərdə şagirdlər arasında bərabərlik yaradır. Və bu təhsilin keyfiyyətinə müsbət təsir edir. Mən Bakıda Qırmızı Əmək bayrağı ordenli 190 nömrəli məktəbdə təhsil almışam.

O dövrdə elm, təhsil almaq üçün hər birimiz təsdiq edilmiş formada məktəbə gələrdik. Bu uğurlu təhsil sisteminin inkişafına mühüm təsirini göstərirdi. Əsasən qızlarımız gələcəyin analarıdırlar.Savadlı ana,gələcəyə savadlı övlad yetirir. Milli mənəvi dəyərlərimizi uca tutaraq, məktəbə təhsil almağa gələn hər bir qız övladımız təhsil ocağının əsas tutduğu qanunlara riayət edərək, gələcəyin, yüksək dünyagörüşlü, savadlı kadrı kimi yetişməlidirlər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə