“Azərbaycanın sədrliyi regional əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək imkanı yaradır” -DEPUTAT DANIŞDI
“Azərbaycanın Asiyada Qarşılıqlı Əlaqə və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, fəal xarici siyasətinin və çoxtərəfli diplomatiya sahəsində qazandığı təcrübənin göstəricisidir. Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan bu gün təkcə mühüm nəqliyyat qovşağı deyil, həm də regional əməkdaşlığın genişləndirilməsinə töhfə verən bir dövlətdir”.
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın 2024–2026-cı illərdə AQEM-ə sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər təşkilatın institusional inkişafına, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edib. Sədrliyin “Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı artım” mövzusu ətrafında qurulması Azərbaycanın müasir çağırışlara uyğun əməkdaşlıq modelinə üstünlük verdiyini göstərir.
Onun sözlərinə görə, AQEM-in 28 üzv dövləti birləşdirməsi və Asiyanın geniş coğrafiyasını əhatə etməsi bu platformanın əhəmiyyətini daha da artırır. Azərbaycanın belə bir təşkilata rəhbərlik etməsi ölkəmizə regional məsələlərin müzakirəsində fəal iştirak etmək, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafını təşviq etmək, həmçinin beynəlxalq tərəfdaşlarla münasibətləri genişləndirmək imkanı yaradır.
Naqif Həmzəyev vurğulayıb ki, Azərbaycanın nəqliyyat bağlantıları, rəqəmsallaşma və davamlı iqtisadi artım istiqamətlərinə xüsusi diqqət yetirməsi milli maraqlarla da uzlaşır. Xüsusilə Orta Dəhlizin inkişafı, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının əhəmiyyətinin artırılması ölkəmizin regional logistika sistemində mövqeyini möhkəmləndirən amillərdəndir.
Deputat bildirib ki, oktyabrın 15-də Bakıda keçirilən AQEM-in VII Zirvə görüşü Azərbaycanın sədrliyi dövründə görülən işlərin müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma olub. Zirvədə Bakı Bəyannaməsinin qəbul edilməsi, Laosun təşkilata tamhüquqlu üzv kimi qoşulması və Azərbaycanın sədrliyinin 2026–2028-ci illər üçün uzadılması təşkilatın gələcək fəaliyyəti baxımından diqqətəlayiq qərarlardır.
Onun fikrincə, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyevin AQEM-in baş katibi vəzifəsinə təyin edilməsi də ölkəmizin təşkilat daxilindəki təmsilçiliyini gücləndirən mühüm hadisədir. Bu qərar Azərbaycanın institusional proseslərdə iştirakına və təşkilatın gələcək inkişafına töhfə vermək imkanlarına yeni perspektivlər açır.
Naqif Həmzəyev əlavə edib ki, AQEM çərçivəsində qəbul edilən qərarların əhəmiyyəti onların praktiki icrası ilə müəyyənləşəcək. Üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və ortaq çağırışlara qarşı birgə fəaliyyətin gücləndirilməsi qarşıdakı dövrün əsas vəzifələridir.
Deputatın sözlərinə görə, Azərbaycanın AQEM-ə sədrliyinin uzadılması ölkəmizin beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının davam etdirilməsi üçün əlavə imkanlar yaradır. Əsas məqsəd bu diplomatik imkanlardan istifadə etməklə regional sabitliyə, iqtisadi tərəfdaşlığa və qarşılıqlı faydalı əməkdaşlığa konkret töhfələr verməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB