“Azərbaycan Çinin dörd qlobal təşəbbüsünün həyata keçirilməsində fəal tərəfdaşdır” - Lu Mey
Azərbaycan Çinlə hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində dörd qlobal təşəbbüsün praktiki həyata keçirilməsini fəal şəkildə dəstəkləyir və bu prosesdə iştirak edir.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van İ ilə görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş qlobal təşəbbüslərə Azərbaycanın hərtərəfli dəstəyini bir daha təsdiqləyib.
Səfir qeyd edib ki, son illərdə Çin və Azərbaycan bu təşəbbüslərin həyata keçirilməsi istiqamətində müxtəlif sahələrdə əməkdaşlığı genişləndirərək yeni nəticələr əldə ediblər.
L.Meyin sözlərinə görə, Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində iki ölkənin “Bir kəmər, bir yol” təşəbbüsünün birgə həyata keçirilməsi istiqamətində əməkdaşlığı dərinləşir. Yaşıl enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və kommunikasiya əlaqələri sahələrində əməkdaşlığın genişlənməsi regionun davamlı inkişafına yeni imkanlar yaradır.
O vurğulayıb ki, Qlobal Təhlükəsizlik Təşəbbüsü çərçivəsində tərəflər dövlət suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində bir-birinin səylərini dəstəkləyir, beynəlxalq və regional məsələlərdə koordinasiyanı gücləndirirlər.
Səfir Qlobal Sivilizasiya Təşəbbüsü çərçivəsində Çin və Azərbaycanın mədəni əlaqələrinin inkişafına da diqqət çəkib. O bildirib ki, qədim İpək Yolu iki ölkəni tarixən birləşdirib, xalqlar arasında mədəni mübadilənin inkişafına şərait yaradıb. Bu ilin sentyabrında Azərbaycanın aparıcı televiziya kanallarında, o cümlədən Azərbaycan Televiziyasında Çin Mərkəzi Televiziyasının hazırladığı “İrsin qoruyucusu” sənədli filminin ərəb dilində versiyasının yayımlanması, eləcə də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı bu əlaqələrin inkişafının göstəricilərindəndir.
L.Mey əlavə edib ki, Qlobal İdarəetmə Təşəbbüsü çərçivəsində Çin və Azərbaycan BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi çoxtərəfli mexanizmlər daxilində əməkdaşlıq edirlər. Tərəflər birtərəfli addımlara, proteksionizmə və güc siyasətinə qarşı çıxır, inkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə təmsilçiliyinin və söz haqqının artırılmasını dəstəkləyirlər.
Səfir bildirib ki, Çin dörd qlobal təşəbbüsün həyata keçirilməsini Azərbaycanla hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, eləcə də dünya miqyasında sülhün, inkişafın və rifahın təmin olunmasına töhfələrin artırılması üçün mühüm imkan hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB