“Sülh sazişi Cənubi Qafqazda yeni inkişaf imkanları yarada bilər” -ŞƏRH

“Sülh sazişi Cənubi Qafqazda yeni inkişaf imkanları yarada bilər” -ŞƏRH

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazın gələcək inkişafı, regional təhlükəsizliyin möhkəmləndirilməsi və uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.

Onun sözlərinə görə, otuz ildən artıq davam edən münaqişə, qarşıdurma və qeyri-sabitlik regionun iqtisadi potensialının reallaşdırılmasına, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və dövlətlərarası əməkdaşlığın genişlənməsinə ciddi maneələr yaradıb:

”Bu baxımdan, sülhün əldə olunması təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması deyil, bütövlükdə Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıqların formalaşması deməkdir.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan razılaşmalar bu istiqamətdə mühüm mərhələ təşkil edib. Tərəflər sülh sazişinin razılaşdırılmış mətnini paraflayıb, birgə bəyannamə imzalayıblar. Saziş layihəsində dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması, ərazi iddialarından imtina, güc tətbiqindən və güc tətbiqi hədəsindən çəkinmə kimi fundamental prinsiplər təsbit olunub.
Sazişin imzalanmasının başlıca əhəmiyyəti ondan ibarətdir ki, bu sənəd münaqişədən sonrakı dövrdə münasibətlərin hüquqi-siyasi əsaslarını müəyyənləşdirə və qarşılıqlı etimadın formalaşmasına institusional zəmin yarada bilər. Bununla yanaşı, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başa çatdırılması regional təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynaya bilər.
Sülhün iqtisadi aspekti də xüsusi diqqətə layiqdir. Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması, tranzit imkanlarının genişləndirilməsi və qarşılıqlı ticarətin inkişafı regionun iqtisadi mənzərəsini dəyişə bilər. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi, eyni zamanda Ermənistanın regional nəqliyyat şəbəkələrinə inteqrasiyası qarşılıqlı fayda imkanları yaradır. Bu proses Orta Dəhlizin əhəmiyyətini artırmaqla yanaşı, Cənubi Qafqazın Şərqlə Qərb arasında mühüm logistika məkanına çevrilməsinə də töhfə verə bilər.
Digər mühüm məqam sülh prosesinin regional və beynəlxalq təhlükəsizlik arxitekturasına təsiri ilə bağlıdır. Cənubi Qafqaz uzun müddət böyük güclərin geosiyasi maraqlarının toqquşduğu məkanlardan biri olub. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması region dövlətlərinin xarici müdaxilələrdən asılılığının azalmasına, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mexanizmlərinin formalaşmasına və regional problemlərin birbaşa dialoq vasitəsilə həllinə şərait yarada bilər. Bu, həmçinin Türkiyə, Gürcüstan və digər regional aktorlar üçün yeni iqtisadi və siyasi əməkdaşlıq imkanları açır.
Bununla belə, əldə olunmuş razılaşmaların davamlı sülhə çevrilməsi üçün hələ də həllini gözləyən məsələlər mövcuddur. Xüsusilə, sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və humanitar məsələlərin həlli ardıcıl şəkildə həyata keçirilməlidir. Təəssüf ki, sazişin mətni paraflansa da, onun yekun imzalanması və qüvvəyə minməsi baş tutmayıb. Ermənistan hələ də üzərinə düşən öhdəliklərin icrası istiqamətində konkret addımlar atmaqdan yayınır. Sülh sazişinin imzalanması üçün qarşıda duran ən vacib maneə, yəni Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından imtina ilə bağlı prosses İrəvan tərəfindən müxtəlif bəhanələrlə ləngidilir.
Onu da xüsusi olaraq qeyd edim ki, davamlı sülh yalnız dövlətlər arasında sənədin imzalanması ilə məhdudlaşmamalıdır. Bunun üçün siyasi öhdəliklərin real addımlarla möhkəmləndirilməsi, revanşist yanaşmalardan uzaqlaşma və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət əsas şərtlərdir. Keçmiş münaqişənin humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və mina təhlükəsinin azaldılması da bu prosesin mühüm istiqamətləridir.
Ümumiyyətlə isə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması iki ölkə arasında uzunmüddətli qarşıdurma səhifəsinin bağlanması ilə yanaşı, Cənubi Qafqazın gələcək inkişafı üçün yeni imkanlar yarada bilər. Əsas məsələ əldə olunmuş siyasi razılaşmaların konkret hüquqi və praktiki nəticələrlə tamamlanmasıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə