"Çin-Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb” - Lu Mey

"Çin-Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb” - Lu Mey

Çin ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri inkişaf etməkdə davam edir. Cari ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çataraq müvafiq dövr üzrə tarixi maksimuma yüksəlib.

SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O bildirib ki, siyasi qarşılıqlı etimadın möhkəmlənməsi iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaradır. Səfirin sözlərinə görə, Çin Azərbaycanın ən böyük idxal tərəfdaşı statusunu qoruyub saxlayır.

L.Mey qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birgə layihələr üzrə əməkdaşlıq genişlənir və konkret nəticələrlə müşayiət olunur. Çin şirkətinin inşa etdiyi Cənubi Qafqazın ən böyük külək elektrik stansiyasının tikintisi başa çatdırılıb. Həmçinin Çinin Azərbaycanda inşa etdiyi 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyası vahid enerji sisteminə qoşulub.

Səfir vurğulayıb ki, Çin-Avropa yük qatarlarının Transxəzər marşrutu Orta Dəhlizin yük axınlarının təmin edilməsində, eləcə də qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinin qorunmasında mühüm rol oynayır.

O, həmçinin iki ölkə arasında qarşılıqlı vizasız rejimin humanitar əlaqələrin genişlənməsinə və vətəndaşların qarşılıqlı səfərlərinin artmasına şərait yaratdığını bildirib.

L.Mey Azərbaycanda Çin dilinin öyrənilməsinə marağın artdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Çin dilini öyrənənlərin qeydiyyata alınmış sayı artıq 10 mini ötüb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə