“Çinin qlobal təşəbbüslərinə 160-dan çox ölkə və beynəlxalq təşkilat dəstək verir” - Səfir
Çin tərəfindən irəli sürülən dörd qlobal təşəbbüs beynəlxalq səviyyədə geniş dəstək qazanaraq əməkdaşlıq və praktiki fəaliyyət istiqamətində mühüm nəticələr əldə edib.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Çin təkcə dörd qlobal təşəbbüsün müəllifi deyil, həm də onların praktiki həyata keçirilməsinin fəal tərəfdarıdır.
Səfirin sözlərinə görə, Qlobal İnkişaf Təşəbbüsünün irəli sürülməsindən ötən beş il ərzində 130-dan çox ölkə və beynəlxalq təşkilat ona dəstək verərək əməkdaşlığa qoşulub. Bu çərçivədə 23 milyard ABŞ dollarından çox vəsait səfərbər edilib, 1800-dən artıq praktiki əməkdaşlıq layihəsi həyata keçirilib, müxtəlif sahələr üzrə 200 mindən çox mütəxəssisə təlim keçirilib. Nəticədə 120-dən çox ölkənin əhalisi təşəbbüsün faydalarından yararlanıb.
L.Mey qeyd edib ki, Qlobal Təhlükəsizlik Təşəbbüsü də 130-dan çox ölkə və beynəlxalq təşkilat tərəfindən dəstəklənib. Təşəbbüsün əsas konsepsiyaları 160-dan çox ikitərəfli və çoxtərəfli sənəddə əksini tapıb.
O, Qlobal Sivilizasiya Təşəbbüsünün BMT Baş Assambleyası tərəfindən Sivilizasiyalararası Dialoq üzrə Beynəlxalq Günün təsis edilməsinə töhfə verdiyini vurğulayıb. Həmçinin Çinin keçirdiyi yüksək səviyyəli görüşlərin qlobal sivilizasiyalararası dialoqun inkişafına praktiki dəstək verdiyini bildirib.
Səfirin sözlərinə görə, bir ildən artıq əvvəl irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsü də artıq 160-dan çox ölkə və beynəlxalq təşkilat tərəfindən fəal şəkildə dəstəklənir. 60-dan çox dövlət Qlobal İdarəetmənin Dostları Qrupuna qoşulub. Bu proses qlobal idarəetmə sisteminin islahatı və təkmilləşdirilməsi ətrafında beynəlxalq konsensusun formalaşmasına xidmət edir.
L.Mey əlavə edib ki, dörd qlobal təşəbbüs tədricən Çinin irəli sürdüyü təkliflərdən beynəlxalq praktikaya çevrilir və qeyri-sabitliklə səciyyələnən dünyada sabitliyin və müsbət əməkdaşlıq mühitinin gücləndirilməsinə töhfə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB