Çin səfiri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinq keçirib

Çin səfiri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinq keçirib

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının V Plenumunun yekunlarına və Çin-Azərbaycan münasibətlərinin inkişafına həsr olunmuş brifinq keçirib.

SİA xəbər verir ki, səfir çıxışında oktyabrın 26-dan 29-dək Pekində keçirilən V Plenumun əhəmiyyətindən danışıb. Bildirib ki, iclasda partiyanın hərtərəfli və ciddi şəkildə idarə olunması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, intizamın möhkəmləndirilməsi və yüksək keyfiyyətli kadr potensialının formalaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edilib.

Lu Mey qeyd edib ki, plenumda Çin Kommunist Partiyasının XXI Qurultayının 2027-ci ilin ikinci yarısında keçirilməsi barədə də qərar qəbul olunub. O, həmçinin Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin partiya quruculuğu ilə bağlı ideyalarının partiyanın idarə olunmasında əsas istiqamət olduğunu vurğulayıb.

Çin-Azərbaycan münasibətlərinə toxunan səfir bildirib ki, iki dövlət başçısının strateji rəhbərliyi sayəsində əlaqələr dinamik inkişaf edir. Cari ildə yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər intensivləşib, siyasi qarşılıqlı etimad möhkəmlənib, praktiki əməkdaşlıq genişlənib.

Səfirin sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çataraq müvafiq dövr üzrə tarixi maksimuma yüksəlib. Çin Azərbaycanın ən böyük idxal tərəfdaşı statusunu qoruyub saxlayıb. O, həmçinin yaşıl enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdiyini, Azərbaycanda Çin dilini öyrənənlərin sayının 10 mini ötdüyünü diqqətə çatdırıb.

Lu Mey gələn il Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını bildirərək, bu tarixi münasibətlərin daha da möhkəmləndirilməsi üçün mühüm fürsət kimi dəyərləndirib.

Brifinqdə Çin tərəfindən irəli sürülən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik, Qlobal Sivilizasiya və Qlobal İdarəetmə təşəbbüsləri barədə də məlumat verilib. Səfir Azərbaycanın bu təşəbbüslərin həyata keçirilməsini dəstəklədiyini, iki ölkənin beynəlxalq və regional məsələlərdə, o cümlədən BMT və digər çoxtərəfli platformalarda əməkdaşlıq etdiyini qeyd edib.

Süni intellekt sahəsində əməkdaşlığa da toxunan səfir bildirib ki, Çin və Azərbaycanın bu istiqamətdə qlobal idarəetmə ilə bağlı mövqeləri bir-birinə yaxındır. O, rəqəmsal suverenliyə hörmət, süni intellekt sahəsində potensialın artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın bu sahədə Çin tərəfindən irəli sürülən təşəbbüsləri dəstəklədiyini də diqqətə çatdırıb.

Brifinqin sonunda səfir media nümayəndələrinin suallarını cavablandırıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə