Müstəqilliyimizin, birliyimizin və tarixi Zəfərimizin rəmzi - MƏQALƏ

Müstəqilliyimizin, birliyimizin və tarixi Zəfərimizin rəmzi - MƏQALƏ

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik arzularını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız hər bir azərbaycanlı üçün müqəddəs dəyər, qürur və fəxarət rəmzidir. Mavi, qırmızı və yaşıl rənglərin ahəngindən yaranan bu bayraq xalqımızın zəngin tarixini, milli-mənəvi dəyərlərini, müstəqillik uğrunda mübarizəsini və gələcəyə olan inamını ifadə edir.​​​​​Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qəbul edilmişdir. Şərqdə ilk demokratik respublikanın dövlət rəmzi olan bu bayraq xalqımızın azadlıq və müstəqillik ideallarının təcəssümünə çevrilmişdir. Bayrağımızdakı mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratiyanı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğu ifadə edir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın qəlbindəki müstəqillik arzusu heç vaxt sönmədi. Bu müqəddəs bayrağın yenidən dövlətçilik tariximizə qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri olmuşdur.​​​​​​1990-cı ilin noyabrında Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətində Ulu Öndər Heydər Əliyev böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm addım atdı. Onun təşəbbüsü və rəhbərliyi ilə noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi və onun Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırıldı. Bu qərar milli azadlıq hərəkatının və müstəqillik ideyalarının inkişafına ciddi təkan verdi. Nəticədə, 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul olundu.​​​​​​​​​​​Ulu Öndər Heydər Əliyevin bu tarixi addımı onun Azərbaycan xalqının milli kimliyinə, dövlətçilik ənənələrinə və müstəqillik ideallarına sarsılmaz bağlılığının bariz nümunəsi idi. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə yanaşı, milli atributlarımızın qorunmasına da xüsusi diqqət yetirirdi. Onun siyasi irsi və dövlətçilik strategiyası bu gün də Azərbaycanın inkişaf yolunun əsasını təşkil edir. Üçrəngli bayrağımızın dövlətçilik tariximizə qaytarılması isə Heydər Əliyevin xalqımız qarşısında ən mühüm tarixi xidmətlərindən biri kimi yaddaşlarda yaşayır.​​​​​​​​​​Bu gün həmin siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa olundu. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edərək tarixinin yeni mərhələsinə qədəm qoydu.​Bu tarixi hadisələrin ən qürurverici mənzərəsi isə üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanması oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il yanvarın 15-də Şuşada Azərbaycan bayrağını ucaltması xalqımızın yaddaşına əbədi həkk olunan tarixi anlardan biridir. Bu hadisə torpaqlarımızın azadlığının, milli iradəmizin və dövlətimizin gücünün rəmzinə çevrildi.​​Bu gün üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə, Laçında, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və işğaldan azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır. Artıq bayrağımızın dalğalandığı hər bir qarış torpaq Azərbaycanın dövlət suverenliyinin, tarixi ədalətin və milli birliyimizin təntənəsidir. Bir zamanlar azad olunacağına böyük ümidlərlə baxdığımız torpaqlarda bu gün dövlət bayrağımızın yüksəlməsi xalqımızın ən böyük arzularından birinin gerçəkləşməsidir.​​9 Noyabr – Dövlət Bayrağı Günü yalnız milli atributumuza ehtiram günü deyil, həm də keçmişimizə, dövlətçilik tariximizə, müstəqilliyimizə və suverenliyimizə bir daha nəzər salmaq üçün əlamətdar tarixdir. Bu bayraq tariximizin müxtəlif dövrlərində xalqımızın mübarizə əzmini yaşadıb, bu gün isə müstəqil və suveren Azərbaycanın gücünü, birliyini və qürurunu bütün dünyaya nümayiş etdirir.​​​​​​​Üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanması hər bir azərbaycanlının ən böyük arzusu və müqəddəs vətəndaşlıq borcudur. Ulu Öndər Heydər Əliyevin bərpa etdiyi milli dövlətçilik dəyərləri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbələr və tam bərpa edilmiş dövlət suverenliyimiz bayrağımızın şanlı tarixində yeni səhifələr açmışdır.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Bütün xəbərlər Facebook səhifəmizdə